EN

Kraliça II Elizabetin izi ilə: Buckingham Sarayında unudulmaz sərgi - REPORTAJ

Kraliça II Elizabeti sonuncu dəfə 2022-ci ildə, Buckingham Sarayının balkonunda, taxta çıxmasının 70 illiyinin qeyd olunduğu gün görmüşdüm. O dövrdə səhhəti ilə bağlı ictimaiyyət qarşısına daha az çıxırdı və həmin gün onun balkona çıxaraq insanları salamlaması hər kəs üçün xoş bir sürpriz olmuşdu. Cəmi üç ay sonra, 96 yaşında vəfat etdi və bununla da Britaniya monarxiyasında bütöv bir dövr başa çatdı.

Bu gün isə yenidən Buckingham Sarayındayam. Bu dəfə sarayın qarşısında deyil, içindəyəm. Yaşasaydı, bu ay Kraliçanın 100 yaşı tamam olacaqdı... Sarayın “The King’s” qalereyasında Kraliçanın uşaqlıq illərindən başlayaraq monarxiya dövründə keçirdiyi 70 ili və onun formalaşmış geyim üslubunu əhatə edən genişmiqyaslı sərgiyə dəvət olunmuşam.

Səhər saat 8-də, sərgi hələ ictimaiyyətə açılmamışkən bu geyimləri yaxından görmək imkanı əldə etmək mənim üçün həqiqətən də çox özəl və yaddaqalan bir təcrübə idi. Sərgidə 300-dən çox eksponat nümayiş olunur və onların təxminən yarısı ilk dəfə ictimaiyyətə təqdim edilir. Ekspozisiyada Kraliçanın həyatının bütün mərhələlərini əks etdirən geyimlər yer alır; körpəlik dövründən yetkinliyə, şahzadəlikdən kraliçalığa, gündəlik üslubdan ölkənin tarixi anlarında geyindiyi rəsmi libaslara qədər. Bu kraliçanın şəxsi moda arxivindən toplanmış ən böyük və ən əhatəli kolleksiyalardan biri hesab olunur.

Ən diqqətçəkən eksponatlar arasında 1947-ci ildə mərhum Kraliçanın geyindiyi möhtəşəm toy libası və 1953-cü ildə tacqoyma mərasimində üzərinə geyindiyi ikonlaşmış paltar xüsusi yer tutur. Bununla yanaşı, onun rəngarəng libasları, zərif aksesuarları və papaqları da sərginin ən yaddaqalan hissələrindəndir. Kraliça parlaq rəngləri xüsusilə sevirdi, sarı, yaşıl, göy, bənövşəyi tonları onun imzasına çevrilmişdi. O, izdihamlı tədbirlərdə asanlıqla seçilə bilmək üçün məhz belə rənglərə üstünlük verirdi. “Məni görmək lazımdır ki, varlığıma inanılsın”,- deyə o, bir müsahibəsində qeyd etmişdi.

Sərgidə həmçinin müxtəlif ölkə liderləri ilə görüşlər zamanı geyindiyi daş-qaşlı, eleqant libaslar da təqdim olunur. Digər bölmələrdə isə daha gündəlik obrazlarını görmək mümkündür. Məsələn, şəhərdən kənar iqamətgahlarda, at sürərkən geyindiyi rahat geyimlər, çəkmələr və gündəlik üslubunu əks etdirən detallar da sərgidə yer alır.

Kraliça II Elizabet həm Britaniyada, həm də dünyada böyük rəğbət qazanmışdı. Xüsusilə ömrünün son illərinə qədər öz vəzifəsini yerinə yetirməsi, yüksək məsuliyyət hissi ilə fəaliyyət göstərməsi ona milyonlarla insanın hörmətini qazandırmışdı. Mən bunu 2022-ci ildə, onun yubiley tədbirində, balkon qarşısında toplaşan izdihamın reaksiyasından da açıq şəkildə hiss etmişdim.

Cəmi 25 yaşında atasının ölümündən sonra taxta çıxan bu güclü qadın təkcə monarx kimi deyil, həm də özünəməxsus üslubu ilə bir ikonaya çevrilmişdi.

Sərgi 18 oktyabradək Buckingham Sarayında davam edəcək. Bilet qiyməti 22 funt sterlinqdir. Artıq biletlərin iyun ayına qədər tükənməsi isə bu sərgiyə olan böyük marağın və ziyarətçilərin bu unikal təcrübəni qaçırmaq istəmədiyinin ən gözəl göstəricisidir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
29
1
musavat.com

2Sources