EN

Katerina Kop: Kiyevə Rusiyanın hücumu nəticəsində 17 çoxmənzilli yaşayış binası dağıdılıb

Rusiyanın Ukraynaya bu gecəki hücumu nəticəsində paytaxt Kiyevin 14 yerində dağıntılar olub.

Bunu "Far.Az"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev şəhər hərbi administrasiyanın rəsmisi Katerina Kop bildirib.

O deyib ki, həlak olan insanlar arasında bir uşaq da var.

"Hücum nəticəsində 60 nəfərin yaralandığı məlumdur. Onlardan 30-u paytaxtın tibb müəssisələrinə hospitalizasiya edilib. 25-nə ambulator yardım göstərilib. Bir hissəsinə isə yerində yardım göstərilib. Düşmən qəsdən mülki infrastrukturu hədəf alıb, həmçinin hadisə yerinə gələn təcili tibbi yardım işçiləri və polis əməkdaşları da zərər çəkənlər arasındadır", - o deyib.

K.Kop bildirib ki, ən çox dağıntılar Kiyevin Podol və Obolon rayonlarında qeydə alınıb:

"Ümumilikdə 17 çoxmənzilli yaşayış binası dağılıb, həmçinin 10 fərdi ev zərər görüb. Bütün bu sakinlər hazırda evlərini itirmiş durumdadırlar. Yaşayış binaları zədələnmiş yerlərdə humanitar qərargahlar yaradılıb".

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəsmisi, polkovnik Oleksandr Xorunjiy isə "Far.Az"a bildirib ki, ötən gecə Rusiyanın hücumundan ən çox zərər çəkən Kiyev, Dnepr, Odessa və Xarkov vilayətləri olub:

"Bizdə 16 həlak olan barədə məlumat var. Dörd vilayətdə 110-dan çox insan yaralanıb. Ən çox yaralananlar Kiyev və Odessa vilayətlərindədir".

O bildirib ki, partlayışlar nəticəsində yaranan bütün yanğınlar söndürülüb:

"Qəza-xilasetmə işləri davam edir. Biz istisna etmirik ki, bəlkə daha kimisə dağıntılar altından tapaq. Bütün uçqunları, bütün əraziləri yoxlamayana qədər biz bu barədə danışa bilmərik. Nəticələrin aradan qaldırılmasına 700-dən çox xilasedici və FHX-nin 130-dan çox əsas xüsusi texnika vahidi cəlb edilib".

Polkovnik deyib ki, Rusiya tərəfi ikiqat zərbələr taktikasını tətbiq edir, yəni ilk hücuma görə həkimlər, xilasedicilər hadisə yerinə gələndən sonra həmin yerə ikinci zərbə vurulur:

"Xüsusilə, bu gün zərbə vurulan yerlərin birində təcili tibbi yardım həkimləri, həmçinin polislər zərər çəkib".

Chosen
34
far.az

1Sources