EN

Azərbaycan və Türkiyə beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış edir - ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında formalaşan və getdikcə daha da dərinləşən strateji əməkdaşlıq modeli təkcə iki qardaş ölkənin deyil, bütövlükdə regionun siyasi və iqtisadi arxitekturasını müəyyən edən əsas amillərdən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert Canip Nuray bildirib.

Ekspert bildirib ki, “bir millət, iki dövlət” fəlsəfəsi artıq klassik diplomatik çərçivədən çıxaraq konkret iqtisadi nəticələr doğuran, çoxşaxəli əməkdaşlıq platformasına çevrilib. Onun sözlərinə görə, bu model qarşılıqlı etimad, siyasi iradə və strateji baxışın vəhdəti sayəsində davamlı inkişaf edir.

“Enerji sektoru Azərbaycan–Türkiyə əməkdaşlığının əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları ilə Türkiyənin enerji tranzitindəki mühüm rolu birləşərək Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli alternativ marşrut formalaşdırır. Bu baxımdan, həyata keçirilən transmilli layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və tərəfdaşlığın strateji dərinliyini artırır. Son illərdə nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlər də xüsusi diqqət çəkir. Orta Dəhlizin inkişafı çərçivəsində həyata keçirilən layihələr, o cümlədən dəmir yolu xətlərinin modernləşdirilməsi və liman infrastrukturunun genişləndirilməsi regionu qlobal ticarət marşrutlarının ayrılmaz hissəsinə çevirir. Bu isə həm Azərbaycanın, həm də Türkiyənin tranzit potensialını maksimum səviyyədə reallaşdırmasına imkan verir”, - deyə ekspert vurğulayıb.

C.Nuray əlavə edib ki, iqtisadi əməkdaşlığın genişlənməsi ticarət dövriyyəsinin artımında da özünü aydın şəkildə göstərir: “Qarşılıqlı investisiyaların həcminin yüksəlməsi, sənaye, kənd təsərrüfatı, tikinti və xidmət sektorlarında ortaq layihələrin həyata keçirilməsi iqtisadi inteqrasiyanı daha da sürətləndirir. Xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın praktik nəticələrinin bariz nümunəsidir”

Siyasi sahədə əməkdaşlığa toxunan Canip Nuray qeyd edib ki, Azərbaycan və Türkiyə beynəlxalq münasibətlər sistemində də vahid mövqedən çıxış edərək bir-birini ardıcıl şəkildə dəstəkləyir. Bu, həm regional təhlükəsizlik məsələlərində, həm də qlobal platformalarda ortaq maraqların qorunmasına xidmət edir. Müttəfiqlik münasibətlərinin hüquqi əsasını təşkil edən sənədlər isə bu əməkdaşlığı daha sistemli və davamlı edir.

Ekspert əlavə edib ki, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq sahəsində də ciddi irəliləyişlər müşahidə olunur. Birgə hərbi təlimlər, texnologiya transferi və müdafiə sənayesində ortaq istehsal imkanları iki ölkənin təhlükəsizlik potensialını gücləndirir və regionda sabitliyin qorunmasına töhfə verir.

Canip Nuray hesab edir ki, qarşıdakı dövrdə rəqəmsal iqtisadiyyat, yaşıl enerji və innovasiya sahələrində əməkdaşlıq yeni imkanlar açacaq. Xüsusilə alternativ enerji layihələri və “yaşıl dəhliz” təşəbbüsləri həm iqtisadi şaxələndirməni sürətləndirəcək, həm də qlobal iqlim gündəliyinə uyğun inkişafı təmin edəcək.

Ekspert vurğulayıb ki, Azərbaycan–Türkiyə əməkdaşlığı artıq regional çərçivələri aşaraq qlobal miqyasda təsir gücünə malik strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Onun sözlərinə görə, bu münasibətlər sistemi qarşılıqlı fayda, sabitlik və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanaraq gələcəkdə daha geniş coğrafiyada yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacaq.

Müxbir-Vüqar Qurbanoğlu

Chosen
22
azertag.az

1Sources