EN

Hərbi xidmət çağırışçıları ilə bağlı MÜHÜM MƏLUMAT: Psixoloji və sosialoji hazırlıq üçün…

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin hazırlıq səviyyəsi uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə, son dövrlərdə baş verən bəzi hadisələr psixoloji və sosial hazırlığın əhəmiyyətini bir daha ön plana çıxarır. Mütəxəssislər bildirirlər ki, gənclərin yalnız fiziki deyil, həm də psixoloji baxımdan hərbi xidmətə hazır olması orduda sağlam mühitin formalaşması üçün vacib şərtlərdəndir.

Bəs görəsən, çağırışçıların psixoloji və sosial hazırlığı kifayət qədər qiymətləndirilirmi, yoxsa bu sahədə hələ də ciddi boşluqlar qalır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, çağırışçıların psixoloji və sosial hazırlığı xüsusi diqqət tələb edən məsələlərdəndir.

Üzeyir

Onun sözlərinə görə, hərbi xidmətdə silah, sursat və partlayıcı maddələrlə işlənildiyini nəzərə alaraq, gənclərin bu mühitə hazır olması həyati əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, hər bir gənc fərqli ailə və sosial mühitdən gəldiyi üçün onların psixoloji vəziyyəti də müxtəlif olur:

“Gənclərin psixoloji və sosial hazırlığı ilə ciddi məşğul olunmalıdır. Hər bir qurum öz səlahiyyətləri çərçivəsində bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Bəzi hallarda görürük ki, gənclər cəmiyyətdə qarşılaşdıqları problemləri həll edə bilmədən ordu sıralarına gəlirlər və həmin mənfi vərdişləri xidmət dövründə də davam etdirirlər. Bu isə komandirlər üçün əlavə çətinliklər yaradır.”

Üzeyir Cəfərov əlavə edib ki, son dövrlərdə Müdafiə Nazirliyində psixoloji hazırlıq istiqamətində müəyyən addımlar atılır və bu sahədə yeni infrastrukturlar yaradılır. Bu isə problemin həllinə yönəlmiş müsbət addım kimi qiymətləndirilir.
Bununla belə, ekspert hesab edir ki, mövcud boşluqların aradan qaldırılması üçün kompleks yanaşma vacibdir:

“Elm və Təhsil Nazirliyi, güc strukturları və hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidir. Məqsəd ondan ibarət olmalıdır ki, problemli və ya risk qrupuna daxil olan gənclər əvvəlcədən müəyyənləşdirilsin və onlarla iş aparılsın. Çağırışdan sonra deyil, ondan əvvəl profilaktik tədbirlər görülməlidir.”

Ekspert vurğulayıb ki, hərbi xidmət hər bir vətəndaşın borcudur və bu borcun layiqincə yerinə yetirilməsi üçün gənclərlə sistemli iş aparılmalıdır. Onun fikrincə, psixoloji və sosial hazırlığın gücləndirilməsi həm orduda nizam-intizamın artırılmasına, həm də ümumi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
25
1
konkret.az

2Sources