EN

İradə Axundova: Son dövrlər antibiotiklərə davamlı vərəm olduqca aktualdır VİDEO

Bakı, 16 aprel, AZƏRTAC

Son dövrlər antibiotiklərə davamlı vərəm olduqca aktualdır. Bu gün dünyada yalnız vərəm deyil, ümumilikdə infeksion xəstəliklərin müalicəsində istifadə olunan antibiotiklərə qarşı davamlılıq problemi geniş yayılır.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova səsləndirib.

O qeyd edib ki, əgər xəstə müalicəni düzgün və sona qədər aparmırsa, vərəm mikobakteriyasını tam məhv etmək mümkün olmur. Nəticədə bakteriya orqanizmdə qalır, mutasiyaya uğrayır və artıq uzun illərdir istifadə olunan, effektiv hesab edilən dərmanlara qarşı davamlılıq qazanır. “Bu zaman daha ağır, dərmanlara davamlı vərəm forması yaranır. Belə hallarda həm diaqnostika, həm də müalicə daha mürəkkəb, uzunmüddətli və bahalı olur. Doğrudur, ölkəmizdə bu müayinələr və müalicə dövlət hesabına həyata keçirilir və xəstələr üçün əlçatandır. Lakin dərmanlara davamlı vərəmin müalicəsi daha ağır keçir, daha çox əlavə təsirlər yaradır və daha uzun zaman tələb edir. Qeyd edim ki, dərmanlara həssas vərəmin müalicəsi, adətən, 4–6 ay davam edir. Dərmanlara davamlı vərəm hallarında isə müalicə müddəti 6 aydan başlayaraq 9, 12, hətta 18 aya qədər uzana bilər. Bu səbəbdən ən vacib şərtlərdən biri müalicənin fasiləsiz və tam şəkildə, həkim nəzarəti altında başa çatdırılmasıdır”, - deyə baş direktor vurğulayıb.

Qeyd edək ki, İradə Axundovanın AZƏRTAC-a müsahibəsinin tam variantı ilə bir qədər sonra tanış ola biləcəksiniz.

 

Chosen
5
1
azertag.az

2Sources