Avstraliyanın əsas neft emalı zavodlarından birində baş verən böyük yanğın söndürülüb. Hadisə ölkədə benzin və dizel təchizatı ilə bağlı narahatlıqları artırıb.
“BBC” xəbər verir ki, yanğın zamanı partlayış səsləri və alov müşahidə olunub. Əraziyə dərhal fövqəladə hallar briqadaları cəlb edilib. 13 saat davam edən yanğın tam söndürüldükdən sonra zavodda olan onlarla işçi təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbinin avadanlıq nasazlığı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılacaq.
Məlumata görə, zavod qismən fəaliyyətini davam etdirir, lakin yanğın benzin istehsalına mənfi təsir göstərə bilər. Bu müəssisə Viktoriyanın yanacaq ehtiyacının 50 faizini, ölkə üzrə isə təxminən 10 faizini təmin edir.
Ölkənin enerji naziri Kris Boven bildirib ki, hadisə yanacaq bazarında onsuz da gərginliyin yaşandığı bir dövrə təsadüf edib. İranla bağlı müharibə fonunda dünya bazarında neft böhranı yaşanır və bu da qiymətlərin artmasına səbəb olub. Son həftələrdə Avstraliyada dizelin qiyməti iki dəfə artıb. Bəzi yanacaqdoldurma məntəqələrində çatışmazlıq müşahidə olunur. Hətta bəzi aviaşirkətlər də yüksək yanacaq xərclərinə görə uçuşlarını azaltmağa başlayıb.
Ekspertlər qeyd edirlər ki, Avstraliya əsasən Sinqapur, Cənubi Koreya və Malayziyadan emal olunmuş yanacaq idxal etdiyi üçün qısamüddətli ciddi qıtlıq gözlənilmir. Bununla belə, hadisə ölkənin yanacaq ehtiyatlarını zəiflədə bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”