EN

Sürücü olmaq üçün qaydalar dəyişə bilər təhsildə yeni yanaşma

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında sürücü çatışmazlığının dünyada böyük problem olması məsələsinə toxunub. Millət vəkili təklif edib ki, biz beynəlxalq sertifikatlı sürücülər hazırlamalı, logistika təhsilini genişləndirməliyik. 

Bəs verilən təkliflə bağlı peşə məktəbləri və ya kolleclərin təhsil proqramlarında dəyişikliklərə, yeniliklərə ehtiyac varmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, qaldırılan məsələ aktualdır və bununla bağlı müvafiq nazirlik tərəfindən addımlar atıla bilər:

"Peşə məktəblərində, kolleclərdə logistika ixtisaslarının daha dərindən tətbiqi nəzərdən keçirilə bilər".

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə qeyd etdi ki, nəqliyyat istiqamətində kadr hazırlığının həyata keçirilməsi həm orta ixtisas təhsil müəssisələrində, həm ali təhsil müəssisələrində, həm də peşə təhsili istiqamətində mövcuddur. Onun sözlərinə görə, hazırda nəqliyyat mühəndisliyi, eyni zamanda nəqliyyat-logistika mühəndisliyi üzrə kadr hazırlığı aparılır:

"Bununla paralel olaraq, nəqliyyat sahəsi üzrə ixtisas almayan, lakin avtomobil idarəetməsi üzrə müəyyən bilik və bacarıqlara malik olan vətəndaşlarımız da var. Eyni zamanda, ixtisasın ali və ya orta ixtisas təhsilini alan şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq imtahanlar keçirilir və uğurla keçən namizədlər taksi minik avtomobilləri, həmçinin yük avtomobillərinin idarə edilməsi və digər sahələr üzrə sertifikatlar əldə edirlər.

Düşünürəm ki, dünyanın sürətlə inkişaf etdiyi, süni intellektin geniş yayıldığı və hətta insansız idarə olunan avtomobillərin artıq inkişaf etmiş ölkələrdə istifadə olunduğu bir dövrdə biz daha çox süni intellekt əsaslı kadr hazırlığına üstünlük verməliyik. Nəqliyyat istiqamətində yalnız plan yerlərinin artırılması deyil, keyfiyyətli hazırlıq daha önəmli olmalıdır. Çünki bəzən kifayət qədər ixtisaslı kadr əmək bazarına buraxılsa da, iş tapmaqla bağlı çətinliklər yaranır. Ona görə də ən doğru yanaşma mövcud plan yerlərini qorumaq, eyni zamanda ixtisaslı kadrların təkmilləşdirilməsi və bu istiqamətdə daha səmərəli işlərin qurulmasıdır".

Təhsil eksperti Ramin Nurəliyev isə bildirdi ki, hazırda Elm və Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərində şagirdlərin daşınması ilə bağlı fəaliyyəti var:

"Hesab edirəm ki, bu istiqamətdə sürücülərin keyfiyyətli və müəyyən sertifikata malik olan şəxslər olması əlbəttə arzuolunandır. Valideynlər öz övladlarını həmin sürücülərə etibar edir və ona görə də düşünürəm ki, bu istiqamətdə peşəkar sürücülərin olması çox effektiv olar. Peşə təhsilində bu sahə ilə bağlı daha dərindən tədris vacib amillərdən biridir. İxtisaslar daha dərindən tədris edilməlidir ki, nəticə yüksək olsun. Sertifikatlı və təcrübəli kadrların nəqliyyata cəlb edilməsi daha effektivdir. Bu, beynəlxalq təcrübədə də belədir. Əminəm ki, bu sahədə təhsil faydalı olacaq. İşini bilməyən şəxslərdənsə, işində bacarıqlı olanların fəaliyyətə cəlb edilməsi daha effektiv olar".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
redaktor.az

2Sources