EN

Qəvvas ın qələbəsi, oxucunun məğlubiyyət i

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Daha əvvəl də yazmışdım: mədəniyyət təkcə çalıb-oxumaq deyil, hər şeydən əvvəl yazıb-oxumaqdır. İstənilən biliyin də əsasında yazıb-oxumağı bilmək dayanır. Hələ bir də talantlı və maraqlı yazıçı kimi yazmağı, diqqətli və hazırlıqlı oxucu kimi oxumağı bacarmaq var. Ədəbiyyat yazmağı və oxumağı bacaranların bəşəriyyətə ən qiymətli hədiyyəsidir.

İlham Əziz Sözün yüksək bədii sənət anlamında YAZMAĞI və OXUMAĞI bacaran sənətkardır. Bəli, həmişə məni bir sual düşündürüb: görəsən, yazıçılar özləri necə oxucudur?!

Əslində bu suala aydın və dolğun cavabı hər yazıçının öz yaradıcılığında tapmaq olar. Tutaq ki, Qustav Flober yaxşı oxucu olmasaydı, yaxşı yazıçı olacaqdı?! "Hisslərin tərbiyəsi"ni yaza biləcəkdi?! Yox!

İlham Əzizin hələ "Şimşəkdən sonra" adlı hekayələr kitabını oxuyanda düşündüm, bu yazıçı hər şeydən əvvəl yaxşı oxucudur. Təkcə elə çox kitab oxuduğuna görə yox. Həyatı, insanları, Allahı, Allahsızları, yeri, göyü - hər şeyi düzgün oxumaqdan söhbət gedir. Açılan çiçəyi, saralan yarpağı, sevgini, nifrəti, ayrılığı... düzgün oxumaq!

İlham Əziz çox mürəkkəb mövzularda o qədər sadə yazır ki... Bəzək-düzəksiz, ənlik-kirşansız mətnlər yazır. Ona görə də adam İlham Əzizin yazdığı əsərlərlə özündən tez dostlaşır.

...Uzun illər tanıdığım bir Söz adamı bir gün sosial şəbəkə üzərindən virtual söhbət əsnasında mənə dedi: "Bu qədər zamandır, bir-birimizi tanımışıq, fikirlərimizdə, dünyagörüşümüzdə uyğunluq da varmı, bəs niyə dost ola bilməmişik?!"

Mənim cavabım belə olmuşdu: "Bəlkə də lap çoxdan və çox yaxın dost olmuşuq, sadəcə, xəbərimiz olmayıb".

Bilmirəm, İlham Əzizlə dostam, yəni o, məni özünə dost bilir, yoxsa yox. Ancaq dəqiq bildiyim bir şey var: İlham Əzizin nəsri ilə çoxdan və çox yaxın dostluq münasibətindəyik, necə deyərlər, aramızdan su da keçmir. Bu günlərdə yazıçının ilk romanını "Qəvvas"ı da birnəfəsə oxudum; bir-birimizi tanıdıq, bu romanla bir-birimizə isinişdik, dostlaşdıq.

Romanın adı klassik poeziyadan gəlir, amma çox maraqlı, uğurlu prozadır. Yenə də çox mürəkkəb mövzularda çox sadə dildə axıcı təhkiyə! Yaxşı ali təhsil almış tərtəmiz bir İlqar var bu romanda. Ancaq dövrün, həyatın bataqlıq tərəfi onu tapıb, özünə çəkir, hər çabaladıqca, o bir az da dərinə batır. Əslində dəniz bilib baş vurduğu bu həyat İlqarı öz çirkab dolu dərinliklərində azdırır. Burdan çıxıb, xilas olmaq istərkən, adam daha böyük, yad bir bataqlığa düşür. Ancaq ordan da qurtulub geriyə - özünə və öz təmiz, doğma ortamına - öz yeni başlanğıcına qayıdır. Özünü yeni sətirdən yazmaq üçün öz Həyat Mətninin əvvəlinə dönür.

Bu, əslində avtobioqrafik romandır; hadisələrin mərkəzindəki müəllif özüdür. Yəni doğma, yad - fərq etməz, o sərt dalğalı, tufanlı, qasırğalı dəryaların dərinliklərindən o qiymətli incini tapıb çıxarıb gətirən qəvvas özüdür ki var! Ən başlıcası, o tapdığı qiymətli inci də... elə müəllifin özüdür...

...Bilirsiniz, bir sual həmişə maraqlıdır: biz niyə bədii əsərləri oxuyuruq?

Həyatımız saysız-hesabsız qərarlardan toxunmuş xalıya bənzəyir. Qərar verərkən isə bizə təkcə ağıl deyil, həm də hisslərimiz kömək edir. Ədəbiyyat həm məntiqi dərkin, həm hissi qavrayışın müəllimidir. Bədii əsərlərdə qəhrəmanların yaşantıları, düşüb-çıxdığı, ya da çıxa bilmədiyi situasiyalar bizə yaşam orientirlərini, münasibət vektorlarını, həyat maraqlarımızı doğru-düzgün seçməyə, qurmağa, təyin etməyə imkan verir. Bunu bir növ coğrafi cəhətləri, istiqamətləri, məsafələri müəyyən etməkdə yardımçı olan kompasa, xəritəyə də bənzətmək olar. "Qəvvas" romanı şəxsən mənə çox şey anlatdı, hətta ruhən yaşatdı. Bunu əminliklə deyə bilərəm. Bu, yazıçının - Ədəbiyyatın oxucu üzərində QARŞILIQLI FAYDALI... qələbəsidir. Mən şəxsən bu TƏNTƏNƏLİ MƏĞLUBİYYƏTİMDƏN çox məmnunam və bədii QƏLƏBƏ münasibətilə "Qəvvas"ın müəllifini təbrik edirəm.

Hə, bir də bu gün İlham Əzizin dünyaya ilk salamını verdiyi gündür. Ad günüdür. Buna görə də onu təbrik edirəm! Bir dönüb özümü də oxucu kimi təbrik edirəm!

Belə yazıçının oxucusuna da təbrik düşür axı.

Elə deyil?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
bizimyol.info

1Sources