Gürcüstan “rəqəmsal köçərilər” üçün xüsusi viza tətbiq etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “News Georgia” nəşri məlumat yayıb.
Bildirilir ki, parlament “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, C5 kateqoriyalı, daha çox “rəqəmsal köçəri vizası” kimi tanınan yeni viza növü yaradılır.
Yeni viza çoxgirişlidir. 5 il müddətinə veriləcək və xarici vətəndaşlara Gürcüstanda 12 aya qədər yaşamaq imkanı yaradacaq. Bu imkan əsasən xarici şirkətlər üçün məsafədən çalışan və yüksək gəlirə malik şəxslər üçün nəzərdə tutulub.
Qeyd olunur ki, bu vizadan yalnız “təhlükəsiz ölkələr”in vətəndaşları yararlana biləcək. Eyni zamanda, müraciət edən şəxsin ailə üzvləri - həyat yoldaşı və azyaşlı uşaqları da bu imtiyazdan istifadə edə biləcək.