EN

“Övladlığa götürmə sistemi genişlənir: 862 uşaq ailə mühitinə qovuşub”

Azərbaycanda övladlığa götürmə sisteminin daha əlçatan hala gətirilməsi sosial siyasətin mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilir. 2019-cu il 1 noyabr tarixindən bu günə qədər 862 uşağın övladlığa verilməsi alternativ qayğı modelinin genişləndiyini və institusional mühitdən ailə mühitinə keçidin sürətləndiyini göstərir.

Məsələ ilə bağlı “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az- a açıqlamasında bildirib ki, 862 uşağın ailələrə qovuşması təkcə statistik göstərici deyil, həm də onların həyatında baş verən fundamental dəyişiklikdir. Onun sözlərinə görə, ailə mühitinə qovuşan uşaqların emosional sabitliyi artır, sosial bacarıqları inkişaf edir və gələcək imkanları genişlənir.

Onun sözlərinə görə , valideyn olaraq hər bir uşaq üçün ailə mühitinin nə qədər  əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Aparılan araşdırmalar da göstərir ki, uşaq üçün ən sağlam inkişaf mühiti ailədir. Lakin ailə mühitindən uzaq olan və valideyn qayğısından məhrum olmuş uşaqların internat və ya uşaq müəssisələrində böyüməsi onların psixoloji, emosional və sosial inkişafına mənfi təsir göstərir. Övladlığa götürülmə isə uşağa sevgi, diqqət və təhlükəsizlik hissi qazandırır.

Xüsusilə qeyd edim ki, ailə mühiti uşağın gələcəkdə daha sağlam fərd kimi formalaşmasına zəmin yaradır.
Təbii ki, 862 uşağın ailə mühitinə qovuşması onların emosional sabitliyinin artmasına, sosial bacarıqlarının inkişafına, təhsil və karyera imkanlarının genişlənməsinə müsbət təsir edir.Nəzərə almaq lazımdır ki, övladlığa götürmə təkcə fərdi deyil, həm də ictimai əhəmiyyət daşıyır və bu da cəmiyyətə müsbət təsir göstərir. Həmçinin ailə mühitində böyüyən uşaqlar gələcəkdə daha sosiallaşmış, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaşlara çevrilirlər. Eyni zamanda bütün bunlar sosial baxımdan mövcud problemlərin azalmasına səbəb olur. Belə ki, dövlət uşaq müəssisələrinə düşən yük azalmış olur, dövlətin sosial təminat xərcləri optimallaşır, ailə institutunun rolu güclənir. Uşağın övladlığa götürülməsinin müsbət təsirləri ilə yanaşı həllini gözləyən məsələlər hələ də mövcuddur: cəmiyyətdə övladlığa götürməyə qarşı stereotiplərin qalması, uşaqların yeni ailələrə uyğunlaşma mərhələsində psixoloji dəstəyin yetərli olmaması. Mövcud olan bu problemlərin aradan qaldırılması üçün zaman etibarilə maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var və  psixoloji xidmətlərin gücləndirilməsi, hüquqi prosedurların daha çevik hala gətirilməsi vacibdir.

Hər bir uşağın övladlığa verilməsi onun üçün yeni həyat deməkdir. Bu tendensiyanın davamlı olması, daha çox uşağın ailə mühitinə qovuşması cəmiyyətin sağlam inkişafına töhfə verəcək. Əgər bu sahədə islahatlar davam etdirilərsə, gələcəkdə institusional qayğıdan ailə əsaslı qayğıya keçid daha da sürətlənə bilər. 
Övladlığa götürmə yalnız sosial xidmət deyil, həm də humanist bir işdir. 862 uşağın övladlığa götürülməsi sadəcə bir statistik rəqəm deyil, eyni zamanda o uşaqlar üçün hər biri yeni bir həyat hekayəsidir. Bu prosesin uğurlu davamı həm uşaqların xoşbəxt gələcəyinə, həm də daha sağlam və dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edir”.- deyə o açıqlamasında qeyd edib.

Zəhra Ağayeva

Chosen
3
qht.az

1Sources