
Finlandiya Hərbi Hava Qüvvələri (HHQ) pilotların hazırlığı proqramı çərçivəsində Amerikanın "F-35A Lightning II" qırıcısı ilə ilk uçuşunu icra edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə respublika HHQ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, uçuş aprelin 15-də ABŞ-ın Arkanzas ştatındakı "Ebbing" aviabazasında baş tutub. Finlandiyalı pilotlar ötən ilin sentyabr ayından etibarən bu bazada F-35 qırıcıları üzrə təlimlər keçirlər. Hazırlıq proqramında ümumilikdə 150 fin pilot iştirak edir. Hazırda "Ebbing" bazasında Finlandiya HHQ-nin təlimləri üçün nəzərdə tutulmuş səkkiz qırıcı təyyarə var.
Xatırladaq ki, Finlandiya 2022-ci ildə Amerikanın "Lockheed Martin" şirkəti ilə 64 ədəd çoxfunksiyalı "F-35A Lightning II" qırıcısının alınmasına dair müqavilə imzalayıb.
Hərbi Hava Qüvvələrindən bildirilib ki, qırıcıların Finlandiyaya çatdırılmasına bu payızda başlanılacaq. 2028-ci ilə qədər F-35-lər Laplandiya Hava Komandanlığının, 2028-ci il ərzində isə Kareliya Hava Komandanlığının silahlanmasına daxil ediləcək. Təyyarələrin tam əməliyyat hazırlığına 2030-cu ilin sonuna qədər nail olunacağı gözlənilir.