EN

"Azercell" Rövşən Ağayevin iradlarına cavab verdi

"Azercell" Rövşən Ağayevin iradlarına cavab verdi

"Azercell" iqtisadçı ekspert Rövşən Ağayevin iradlarına cavab verib.

AFN.az xatırladır ki, R.Ağayev "Azercell"in 10 ay əvvəl bahalaşdırdığı tarif paketini abunəçiyə heç bir xəbərdarlıq etmədən yenidən bahalaşdırdığını bildirib. Ekspert bunu şirkətin yol verdiyi nöqsan kimi dəyərləndirərək tənqid edib.

"Azercell"dən AFN.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, mobil operatorlar mobil rabitə sahəsində müşahidə olunan qlobal və yerli trendləri nəzərə alaraq xidmət və tarif portfelinin optimallaşdırılmasını mütəmadi şəkildə həyata keçirir:

"Azercell Telekom" MMC fakturalı və fakturasız (SimSim) xətt sistemləri üzrə abunəçilərinə geniş tarif portfeli təqdim edir. Şirkət biznes proseslərini davamlı olaraq təkmilləşdirir və rəqəmsal dövrün tələblərinə uyğun müştərilər üçün faydalı yeni xidmət və məhsulların inkişafına xüsusi önəm verir. Belə ki, son illərdə istifadəçi davranışlarında baş verən dəyişikliklər – xüsusilə sosial şəbəkələrdə aktivliyin artması, video və digər multimedia kontentə yüksək tələbat, həmçinin rəqəmsal ünsiyyət platformalarının geniş istifadəsi mobil data sərfiyyatının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Hazırda mobil internet trafikinin əsas hissəsi yüksək keyfiyyətli video məzmun (HD və 4K), qısa video platformaları, canlı yayımlar və onlayn görüşlər üzərində cəmləşir. Bu tendensiya həm gündəlik həyatın, həm də iş və təhsil proseslərinin ayrılmaz hissəsinə çevrilməklə abunəçilər tərəfindən istifadə edilən internet trafikinin həcminin artmasına səbəb olur.

Qeyd edək ki, "Azercell Telekom" MMC 06.04.2026-cı il tarixindən etibarən bir sıra tarif paketlərində internet və danışıq imkanları artırılmaqla öz tarif cədvəlini optimallaşdırıb. "Azercell Telekom" MMC-nin yeni tarif cədvəli abunəçilərin istifadə davranışları, artan mobil internet istifadəsi və bazar dinamikası nəzərə alınaraq formalaşdırılıb. Bu dəyişikliklər ilə "Azercell Telekom" MMC abunəçilərinə mobil internetə tələbatın artdığı mühitdə rabitə və internet resurslarından daha səmərəli istifadə etmək imkanı yaradıb.

Tariflərin yenilənmiş istifadə şərtləri təqdim olunan əlavə internet/dəqiqə həcmi nəzərə alınaraq müəyyən edilib. Eyni zamanda, abunəçilər müvafiq tarif paketləri üzrə digər mövcud üstünlüklərdən əvvəlki şərtlərlə yararlanmağa davam edə biləcəklər. Təqdim olunan xidmətlərə görə xidmət haqları bazar araşdırmaları, abunəçi tələbatı və beynəlxalq təcrübə, o cümlədən həm ölkə daxilində fəaliyyət göstərən operatorların, həm də xarici və MDB-yə daxil olan ölkələrdə fəaliyyət göstərən mobil operatorların analoji xidmətləri üzrə tətbiq etdiyi yanaşmalar nəzərə alınmaqla formalaşdırılır. Qeyd olunan dəyişikliklər barədə abunəçilərə kütləvi informasiya vasitələri ilə əvvəlcədən məlumat təqdim edilmiş və məlumat "Azərbaycan" qəzetinin 05.03.2026 tarixli 42N-li buraxılışında dərc edilmişdir.

Diqqətinizə çatdırırıq ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur. Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər Azercell tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər.

Bildiririk ki, abunəçilər hazırda istifadə etdikləri tarif paketi çərçivəsində təqdim edilən imtiyazları onların istifadə vərdişlərinə uyğun olmadığını hesab etdikləri halda alternativ paketləri nəzərdən keçirə və tələbatlarına ən uyğun olan tarifi seçə bilərlər. "Azercell Telekom" MMC-nin təqdim etdiyi tarif paketləri və xidmətlər, cari kampaniyalar və aksiyalar, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək mümkündür.

Chosen
52
afn.az

1Sources