EN

İnternet bahalaşır: Keyfiyyət də artacaqmı?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son dövrlər qlobal iqtisadi proseslər, enerji, logistika və ərzaq qiymətlərində artım müşahidə olunur. 

Həmçinin rəqəmsal xidmətlərə tələbat yüksəlib. Ekspertlər bütün bunların fonunda internet qiymətində də artım olacağını bəyan edirlər.

Bəzi ekspertlər bildirirlər ki, əvvəl də internet bahalaşanda keyfiyyətin daha yaxşı olacağı deyilmişdi, amma internet qiymətlərində artım olduqdan sonra keyfiyyətlə bağlı şikayətlər hələ də qalmaqdadır.

Maraqlıdır, internetin yenidən bahalaşması keyfiyyətlə bağlı hansı vədləri verəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən İT üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, son dövrlər internet qiymətlərinin yenidən artması ilə bağlı müzakirələr cəmiyyətdə haqlı narahatlıq doğurur:

“Xüsusilə də mövcud tariflərin artıq yüksək olması istifadəçilərin xidmət keyfiyyəti ilə bağlı narazılıqlarını daha da artırır.

Texniki baxımdan qiymət artımı adətən infrastrukturun yenilənməsi, şəbəkə təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq trafik xərclərinin artması və yeni texnologiyalara keçidlə əsaslandırılır. 

Məsələn, fiberoptik şəbəkələrin genişləndirilməsi, məlumat mərkəzlərinin modernləşdirilməsi və 5G texnologiyası kimi yeni nəsil texnologiyalara inteqrasiya əlavə investisiya tələb edir.

Kibertəhlükəsizlik aspektindən yanaşdıqda isə artan kiberhücumlar və məlumat sızmaları ilə mübarizə üçün daha güclü təhlükəsizlik sistemlərinə investisiya edilməsi zəruridir. Bu isə internet xərclərinin artmasına təsir edən əsas faktorlardan biridir.

Əsas məsələ şəffaflıq və nəticədir. Əgər qiymət artımı baş verirsə, istifadəçi real olaraq daha stabil bağlantı, daha yüksək sürət, daha az kəsinti və daha güclü məlumat təhlükəsizliyi hiss etməlidir.

Əks halda, əvvəlki qiymət artımlarında olduğu kimi, vədlərin tam yerinə yetirilməməsi ictimai etimadı zəiflədə bilər. Gözlənti ondan ibarətdir ki, mümkün yeni bahalaşma yalnız iqtisadi və texniki zərurət deyil, həm də ölçülə bilən keyfiyyət göstəriciləri ilə müşayiət olunsun.

Məsələn, gecikmə səviyyəsinin azaldılması, şəbəkə dayanaqlılığının artırılması və istifadəçi məlumatlarının qorunması sahəsində konkret irəliləyişlər açıq şəkildə nümayiş etdirilməlidir”.

Mütəxəssis qeyd edib ki, nəticə olaraq qiymət artımı özlüyündə problem deyil:

“Əsas məsələ onun qarşılığında təqdim olunan xidmətin real və hiss olunan şəkildə yaxşılaşdırılmasıdır. Əks halda, bu cür addımlar istifadəçilər tərəfindən əsaslandırılmış qərar kimi qəbul edilməyəcək və bu da böyük narazılıqlara səbəb ola bilər”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

İnternet keyfiyyət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
cebheinfo.az

2Sources