EN

Rusiyadan Avropaya hücum anonsu “Vurulacaq” obyektlər siyahısında Türkiyənin də adı var

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kreml Rusiya Müdafiə Nazirliyinin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin vasitəsilə Avropanı hədələyib. Bu dəfə Rusiyanın keçmiş prezidenti Avropada “vurulacaq” konkret hədəfləri göstərib.

“AzPolitika” xəbər verir ki, yeni paylaşımında D.Medvedev Rusiyanın Avropada Ukrayna üçün PUA istehsalında iştirak edən müəssisələrin hədəf alınacağına işarə vurub. O, 2026-cı ildə Ukrayna üçün bu tip silahların istehsalına öz ərazisində şərait və Ukrayna ilə birgə müəssisələr yaradan Avropa şirkətlərini "potensial hədəflər" adlandırıb.

Medvedev bu açıqlamanı Rusiya Müdafiə Nazirliyinin müxtəlif Avropa ölkələrində "Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya PUA istehsalını və təchizatını artırmaqda iştirak edən” 21 sənaye müəssisəsinin siyahısını dərc etməsindən sonra verib. Yəni, Müdafiə Nazirliyi ilə Medvedev eyni vaxtda Avropadakı hədəfləri göstərərək, onların vurula biləcəyini qeyd edib.

"Rusiya Müdafiə Nazirliyinin açıqlaması sözün əsl mənasında qəbul edilməlidir: dronlar və digər avadanlıqlar istehsal edən Avropa şirkətlərinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Zərbələrin reallığa çevrilib-çevrilməməsi bundan sonra nə baş verəcəyindən asılıdır. Avropalı tərəfdaşlar, rahat yatın!" — Medvedev “X”-də yazıb.

Rusiya Müdafiə Nazirliyinin siyahısında Avropadakı obyektlərin ünvanları və onların mənsub olduqları şirkətlər yer alır. Siyahıda göstərilən avropa ölkələri arasında Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Hollandiya, Litva, Latviya, Polşa, Çexiya və Türkiyə də var.

Nazirlik həmçinin bildirib ki, bu ölkələrin Ukraynaya dron istehsalını və təchizatını artırmaq qərarı "bütün Avropada hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsi" ilə təhdid edir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Avropa ictimaiyyəti yalnız öz təhlükəsizliyinə təhdidlərin əsl səbəblərini aydın şəkildə anlamaqla yanaşı, həm də öz ərazilərində Ukrayna üçün PUA və komponentlər istehsal edən "Ukrayna" və "birgə" müəssisələrin ünvanlarını və yerlərini bilməlidir". Bu, bir növ mülki əhalini həmin obyektlərdən kənar durmağa üstörtülü çağırışdır.

Bu arada “ABC”-nin Ukrayna Hərbi Hava Qüvvələri və Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, mart ayında Ukrayna Rusiyadakı hədəflərə qarşı Rusiya qoşunlarının Ukraynaya qarşı atdığından daha çox hücum dronları atıb.

Rusiya hesabatlarına görə, ay ərzində ölkəyə tarixi rekord olan 7347 Ukrayna PUA-sı ilə hücum edildiyini, Ukrayna ordusu isə eyni dövrdə ölkəyə hücum edən 6462 Rusiya PUA-sı (+138 raket) qeydə alındığını bəyan edib. Ukrayna bu dronların təxminən 90%-ni (5833) və raketlərin təxminən 74%-ni (102) vura bilib.

Beləliklə, Kreml Rusiya Müdafiə Nazirliyi və Medvedevin dili ilə ilk dəfə Avropada konkret hədəflər göstərərək, bu ölkələrə qarşı hücum təhdidi ilə çıxış edib. Siyahıda Türkiyənin də adının keçməsi Rusiyanın təhdid coğrafiyasının genişliyindən xəbər verir. Lakin tək Ukrayna ilə bacarmayan Rusiyanın bu qədər NATO ölkəsini hədəf göstərməsi yalnız Kremlin “blef taktikası”nın və Ukraynadakı uğursuzluqdan, acizlikdən artan qəzəbinin təzahürü kimi görünür. Bu ölkələrə hücumun Rusiya üçün hansı cavablarla nəticələnə biləcəyini proqnozlaşdırmaq isə çətindir…

C.Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
azpolitika.info

1Sources