EN

"Uşaq hüquqları haqqında" -Yeni qanun və sosial məsuliyyət

Yeni qüvvəyə minən “Uşaq hüquqları haqqında” qanun ölkədə uşaqların hüquqi müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin imzaladığı sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə geniş şəkildə təsbit olunub. 

Mövzu ilə bağlı “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi və təşkilatının rəhbəri Südabə Şirəliyeva QHT.az-a açıqlama verib.

Südabə Şirəliyeva bildirib ki, bu qanun uşaqların hüquqi müdafiəsi sahəsində yeni mərhələnin başlanğıcıdır: "Prezident İlham Əliyev 'Uşaq hüquqları haqqında' yeni hazırlanmış qanunu imzalayıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmiş yeni “Uşaq hüquqları haqqında” qanun ölkədə uşaq müdafiəsi sahəsində mühüm mərhələ hesab oluna bilər".

S.Şirəliyevanın sözlərinə görə, yeni qanun uşaqların hüquqlarını daha sistemli şəkildə müəyyən edir: "Qanunda uşaq hüquqları 8 fəsil və 63 maddə ilə sistemli şəkildə təsbit olunmuş, ilk dəfə olaraq uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizm kimi müəyyən edilmişdir. Eyni zamanda, zorakılığın müxtəlif formaları — fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq və internet zorakılığı kimi anlayışların qanunvericilikdə dəqiq təsnif edilməsi bu sahədə mühüm yenilikdir".

Müsahibimiz vurğulayıb ki, qanun yalnız hüquqi deyil, sosial məsuliyyət baxımından da mühüm rol oynayır: "Qanunvericilik səviyyəsində həyata keçirilən bu cür dəyişikliklər yalnız hüquqi çərçivəni deyil, eyni zamanda sosial davranış normalarını və ictimai məsuliyyət anlayışını da formalaşdırır. Xüsusilə ailə, sosial müdafiə və ictimai münasibətlərlə bağlı qəbul edilən qərarlar cəmiyyətin ən həssas təbəqələrinə təsir göstərir".

Südabə Şirəliyeva qeyd edib ki, bu prosesdə vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət daşıyır: "Müasir dövrdə sosial problemlərin həlli yalnız dövlət səviyyəsində qəbul edilən qərarlarla məhdudlaşmır. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və yerli təşəbbüslərin rolu da xüsusi əhəmiyyət kəsb edir. Bu qanunun qəbul edilməsi xüsusilə cəmiyyətin ən həssas qruplarından biri olan küçə uşaqları üçün yeni imkanlar yaradır".

S.Şirəliyevanın fikrincə, küçə uşaqları üçün bu qanun daha güclü müdafiə mexanizmi yaradır: "Küçə şəraitində yaşayan və ya günün böyük hissəsini küçədə keçirən uşaqlar çox zaman zorakılıq, istismar, təhsildən yayınma və sosial müdafiəsizlik kimi problemlərlə üzləşirlər. Yeni qanun bu uşaqların hüquqlarının qorunması üçün daha aydın və tətbiq edilə bilən hüquqi baza yaradır".

Müsahibimiz bildirib ki, “İşıqlı Ev” Mərkəzi bu istiqamətdə mühüm sosial platformadır: "Bu kontekstdə vətəndaş cəmiyyəti təşəbbüslərinin rolu xüsusi əhəmiyyət kəsb edir.Bu baxımdan Günərzi “İşıqlı Ev” Mərkəzi olaraq təşəbbüsü cəmiyyətin həssas qruplarına, xüsusilə qadınlara, uşaqlara və sosial müdafiəyə ehtiyacı olan insanlara dəstək göstərmək məqsədilə mühüm sosial platforma kimi çıxış edir".

Südabə Şirəliyeva vurğulayıb ki, mərkəz uzun illərdir uşaqlara dəstək göstərir: "Azərbaycanda ilk günərzi mərkəz kimi fəaliyyətə başlayan bu mərkəz yüzlələ uşağın sığınacağı olub. Mərkəzi 2002-ci ildən etibarən sosial müdafiəyə ehtiyacı olan uşaqlara dəstək göstərir. Bu mərkəz Azərbaycanda yaradılmış ilk günərzi sosial dəstək mərkəzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə “günərzi mərkəz” anlayışı cəmiyyət üçün yeni idi və bir çox insan bu modelin mahiyyəti ilə yeni tanış olurdu".

S.Şirəliyevanın sözlərinə görə, belə mərkəzlər qanunun praktik tətbiqinə dəstək verir: "Bizim “Günərzi İşıqlı Ev” Mərkəzi kimi küçə uşaqları üçün təhlükəsiz məkan, gündəlik qayğı, psixoloji dəstək və maarifləndirmə imkanları təqdim edərək yeni qanunun praktik tətbiqinə dəstək verə bilər. Belə mərkəzlər uşaqların küçə mühitindən uzaqlaşdırılması, onların sosial reinteqrasiyası və hüquqlarının real təmin olunması baxımından körpü rolunu oynayır".

Müsahibimiz qeyd edib ki, küçə uşaqları bu qanundan bir neçə istiqamətdə faydalana biləcək: "Küçə uşaqları bu qanundan bir neçə istiqamətdə faydalana bilər. İlk növbədə, onların təhlükəsiz mühitdə yaşamaq, zorakılıqdan qorunmaq və dövlət tərəfindən müdafiə olunmaq hüquqları daha konkret şəkildə təmin edilir. Qanunda təsbit olunmuş “uşağın üstün mənafeləri” prinsipi o deməkdir ki, hər bir qərar qəbul edilərkən uşağın rifahı və təhlükəsizliyi əsas götürülməlidir. Bu isə küçə uşaqlarının sosial xidmətlərə yönləndirilməsi, reabilitasiya və təhsilə cəlb olunması baxımından mühüm hüquqi əsas yaradır".

Südabə Şirəliyeva bildirib ki, müşahidələr mövcud vəziyyətin ağırlığını göstərir: "Müşahidələrimiz nəticəsində bilirik ki, küçələrdə olan uşaqların çoxunun valideynləri və yaşamağa yerləri yoxdur, onları heç kim gözləmir, yaşayış üçün vəsaitləri yoxdur. Bir çoxunun isə sənədləri yoxdur".
  
"Sosial reabilitasiya uşaqları dəyərli etikaya qaytarmaq deməkdir. Bu, onların şəxsiyyət kimi tanınmasına səbəb olur".

Müsahibimiz vurğulayıb ki, qanunun effektivliyi tətbiq səviyyəsi ilə ölçülür: "Yeni qanunun tətbiqi fonunda belə təşəbbüslərin rolu daha da artır. Çünki qanunların effektivliyi yalnız onların qəbul edilməsi ilə deyil, eyni zamanda cəmiyyət daxilində necə tətbiq olunması və qəbul edilməsi ilə ölçülür. “Günərzi İşıqlı Ev” Mərkəz kimi layihələr bu baxımdan dövlət və cəmiyyət arasında körpü rolunu oynaya bilər. Bu cür mərkəzlər yalnız sosial xidmət göstərmək deyil, həm də maarifləndirmə, psixoloji dəstək və icma əsaslı fəaliyyətlər vasitəsilə insanların həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verir".

Südabə Şirəliyeva qeyd edib ki, regionlarda yaşayan qadınlar üçün bu təşəbbüslər xüsusi əhəmiyyət daşıyır: "Xüsusilə regionlarda və sosial cəhətdən həssas mühitlərdə yaşayan qadınlar üçün belə təşəbbüslər daha vacibdir. Onlar üçün təhlükəsiz məkanların yaradılması, sosial dəstəyin təmin olunması və məlumatlandırma imkanlarının genişləndirilməsi cəmiyyətin davamlı inkişafı baxımından əsas şərtlərdən biridir".

S.Şirəliyevanın sözlərinə görə, qanunun tətbiqində müəyyən çətinliklər də mövcuddur: "Bununla yanaşı, yeni qanunun tətbiqi müəyyən çağırışları da gündəmə gətirə bilər. Bu çağırışlar sırasında maliyyə resurslarının məhdudluğu, yerli səviyyədə icra mexanizmlərinin zəifliyi və bəzi hallarda ictimai müqavimət qeyd oluna bilər. Bu səbəbdən qanunun real təsirinin təmin olunması üçün dövlət qurumları ilə yanaşı, QHT-lərin və yerli icmaların aktiv iştirakı zəruridir".

Müsahibimiz bildirib ki, koordinasiyalı əməkdaşlıq əsas prioritetdir: "Eyni zamanda, bu qanunun effektiv tətbiqi üçün yalnız hüquqi mexanizmlər kifayət etmir. Dövlət qurumları, QHT-lər və yerli icmalar arasında koordinasiyalı əməkdaşlıq vacibdir. Küçə uşaqları ilə işləyən sosial işçilərin hazırlanması, ailə dəstək proqramlarının gücləndirilməsi və ictimai maarifləndirmənin artırılması bu sahədə əsas prioritetlərdən olmalıdır".

Südabə Şirəliyeva sonda qeyd edib ki, dövlət və cəmiyyət əməkdaşlığı bu prosesin əsas təminatıdır: "Nəticə etibarilə, bu gün imzalanmış qanun sosial siyasətin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, vətəndaş cəmiyyəti üçün də yeni imkanlar yaradır. “Günərzi İşıqlı Ev” Mərkəzi kimi təşəbbüslər bu imkanlardan istifadə edərək cəmiyyətin daha inklüziv və dəstək yönümlü inkişafına töhfə verə bilər. Dövlət və vətəndaş cəmiyyətinin əməkdaşlığı isə bu prosesin uğurla həyata keçirilməsinin əsas təminatıdır".

Fatimə Nəbiyeva

Chosen
31
qht.az

1Sources