EN

Pepsi bu ölkədə istehsalını tamamilə dayandırdı

Dünyanın ən böyük qida və içki istehsalçılarından biri olan PepsiCo, Rusiyada “Pepsi”, “7Up” və “Mirinda” kimi qlobal brendlərinin istehsalını və satışını rəsmən başa çatdırıb. Şirkət artıq konsentratların tədarükünü dayandıraraq, ölkədəki zavodlarını digər yerli markaların istehsalına yönləndirib.

AzPost-un “RT”ə istinadla verdiyi məlumata görə, PepsiCo-nun Rusiyadakı bölməsi bütün qlobal içki markalarının ehtiyatlarının tükəndiyini və istehsalın dayandığını təsdiqləyib. Bu addım şirkətin 2022-ci ilin martında elan etdiyi “Rusiya bazarında fəaliyyətin dayandırılması” qərarının yekun mərhələsidir.

Artıq Rusiya mağazalarında “Pepsi” və “7Up” markalarının yerini sürətlə “Evervess”“Frustyle” kimi yeni yerli brendlər tutmağa başlayıb. Şirkət qlobal qazlı içki markalarından imtina etsə də, “gündəlik tələbat malları” kateqoriyasına aid olan süd məhsulları, uşaq qidaları və qəlyanaltıların (çipsi və s.) istehsalını davam etdirir.

PepsiCo-nun Rusiyadakı zavodları (məsələn, Novosibirskdəki yeni qəlyanaltı zavodu) fəaliyyətini yerli bazara uyğunlaşdırılmış şəkildə davam etdirir.

Mağazalarda aparılan müşahidələr göstərir ki, rəsmi istehsalın dayanmasına baxmayaraq, bəzi ticarət şəbəkələrində “paralel idxal” yolu ilə qonşu ölkələrdən (Qazaxıstan, Özbəkistan və s.) gətirilən orijinal “Pepsi” məhsullarına hələ də rast gəlmək mümkündür. Lakin bu məhsulların qiyməti yerli analoqlarla müqayisədə xeyli yüksəkdir.

PepsiCo rəhbərliyi bəyan edib ki, Rusiyadakı 20.000-dən çox işçinin və 40.000-ə yaxın kənd təsərrüfatı tərəfdaşının rifahını qorumaq üçün “humanitar aspekti” əsas götürərək, süd və uşaq qidası sektorunda qalmağa davam edəcəklər. Bununla belə, qlobal içki brendləri üçün investisiya və reklam fəaliyyətləri tamamilə dondurulub.

AzPost.az

Chosen
11
1
azpost.info

2Sources