EN

Bakı-İrəvan xəttində siyasi dialoq yeni mərhələyə keçə bilər - İstanbul görüşü...

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşünü anons edib.

Onun sözlərinə görə, Qafarova ilə görüş aprelin 15-dən 19-dək keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbulda baş tutacaq.

"Bir neçə gündən sonra İstanbula yola düşəcəyəm. Azərbaycan (Sahibə Qafarova - red.) və Gürcüstan (Şalva Papuaşvili - red.) parlamentlərinin rəhbərləri ilə görüş planlaşdırılıb", - Simonyan qeyd edib.

Bildirək ki, daha əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbula yola düşəcəyi bildirilmişdi.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirdi ki, iki dövlət arasında normallaşma əlaqələrinin davam etdiyi bir vaxtda həm hakimiyyətlər, həm də vətəndaş cəmiyyəti nümayəndələri arasında müxtəlif səviyyəli təmaslar xüsusi əhəmiyyətlidir: "Bu baxımdan qanunverici hakimiyyət orqanlarının rəhbərləri- spikerlər arasında görüş də istisna deyil.

İndidən proqnozlaşdırmaq olar ki, görüşdə ikitərəfli məsələlər, normallaşma əlaqələrinin cari durumu, o cümlədən delimitasiya və demarkasiya məsələləri müzakirə olunacaq. Həmçinin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsinin aparılması da mümkündür.

Yəqin ki, tərəflər qarşılıqlı təmasları davam etdirmək barədə də razılıqlarını ifadə edəcəklər.

İndiki həssas məqamda- dünyada ciddi geosiyasi kataklizmlərin baş verdiyi və region üçün də təhdidlərin yarandığı, Ermənistanda parlament seçkilərinin yaxınlaşdığı, sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda təbii ki, bu görüş kifayət qədər ciddi nəticələrlə yadda qala bilər. Fikrimcə, görüş kifayət qədər məhsuldar olacaq və konstruktiv mühitdə keçəcək".

Cavanşir Abbaslı

Musavat.com

 

Chosen
72
musavat.com

1Sources