EN

Macarıstan "odla su arasında" - Dəyişiklik lideri, yoxsa reallıqla üzləşən siyasətçi?

Avropada enerji asılılığının azaldılması ilə bağlı çağırışlar güclənsə də, Macarıstan reallıqda fərqli yol seçmək məcburiyyətində qalır. Drujba neft kəməri ətrafında yaranan son vəziyyət bir daha göstərir ki, Budapeşt üçün Rusiya ilə enerji əlaqələri sadəcə iqtisadi məsələ deyil, həm də strateji zərurətdir.

Bu fonda aprelin 12-də keçirilən parlament seçkilərində qalib gələrək yeni siyasi fiqur kimi önə çıxan Peter Macar hansı xətti seçəcək?

Macarıstanda uzun illərdir formalaşmış enerji siyasəti əsasən Viktor Orban hakimiyyəti dövründə Moskva ilə yaxın əməkdaşlıq üzərində qurulub. İndi isə sual yaranır: Macar bu kursu dəyişəcək, yoxsa mövcud reallıqları nəzərə alaraq eyni istiqamətdə davam edəcək? Ölkənin coğrafi mövqeyi və alternativ marşrutların məhdudluğu fonunda Budapeştin Rusiyadan tam şəkildə uzaqlaşması nə dərəcədə mümkündür?

Digər tərəfdən, Ukrayna üzərindən keçən neft nəqlinin dayanması və onun bərpası ilə bağlı qeyri-müəyyənlik vəziyyəti daha da mürəkkəbləşdirir. Bu isə yalnız enerji məsələsi deyil, həm də siyasi seçimlərin sınağa çəkildiyi bir mərhələdir. Görəsən, Macarıstan yeni dövrdə balans siyasətini qoruyacaq, yoxsa Rusiya ilə münasibətlərdə daha açıq və davamlı xətt yürüdəcək?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a bildirdi ki, bütün bu sualların cavabını biz yaxın vaxtlarda ala biləcəyik: "Macarıstanda baş nazir postuna gələn yeni lider hansı kursu tutacaq? Bu sual çoxlarını düşündürür. Lakin görünən budur ki, o elə hakimiyyətə antirus mövqeyində olan biri kimi gəlib. Macar xalqının böyük əksəriyyəti Viktor Orbanın Rusiya ilə yaxınlığını qəbul etmir, onun Ukraynaya dəstək vermək üçün Avropa Birliyinin qəbul etmək istədiyi qərarlara veto qoymasını pisləyirdilər. Peter Macarın rəhbərlik etdiyi partiya məhz bu mövqedən çıxış edən elektoratın səsləri nəticəsində seçkilərdə qalib gələ bildi.

Bütün bu dediklərimizin fonunda yeni baş nazirə Rusiya neftindən asılı olan Macarıstan iqtisadiyyatını yönləndirmək və onun yanacağa olan tələbatını tez bir zamanda şaxələndirmək o qədər də asan olmayacaq. Heç şübhəsiz ki, yeni baş nazirin seçki platformasında bu məsələlərlə bağlı atılacaq addımlar yer alıbdır. Çünki Avropa Birliyinin də bu məsələdə Macarıstanın yeni rəhbərliyindən gözləntiləri böyükdür. Birliyin məqsədi Rusiya neftinin ixracına qoyulan sanksiyaların maksimum effekt verməsinə nail olmaqdır. Orban isə uzun müddət idi ki, AB-nin bu strateji xəttinin əleyhinə addımlar atmaqdan çəkinmirdi.

Hesab edirəm ki, Macarıstan hökumətinə bu problemi çözmək üçün bir qədər zaman lazım olacaq. Macarıstanın Rusiyadan aldığı neftin əvəzlənməsi - yəni bu neftin başqa mənbələrdən əldə olunması işində Avropa Birliyinin Macarıstan hökumətinə dəstəkçi olacağı da şübhə doğurmur".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
21
musavat.com

1Sources