EN

Qadınlardan ibarət milli komandadan kişilər üçün nümunə: Üfüqdə Avropa Çempionatı var

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan futbolunda az-çox uğur “Qarabağ”ın adı ilə bağlıdır. Ağdam klubu illərdir qitə turnirlərində layiqli oyun göstərir. Son mövsümdə Qurban Qurbanovun komandası bir az da irəli gedərək, Çempionlar Liqasında ilk “24-lüy”ə düşüb.

Bizimyol.info xəbər verir ki, kişilərdən ibarət milli komanda Millətlər Liqasının D divizonunda mübarizə aparacaq. Yəni ölkənin əsas komandası gözləntiləri doğrultmur. “Qarabağ”ın Çempionlar Liqası görmüş futbolçuları da milli kollektivə lazımi kömək göstərə bilmir. Kişilər üçün ən yaxşı nümunəni isə qadınlardan ibarət milli komanda yaradıb.

Andorra üzərində səfər qələbəsi (3:1) diqqətdən kənarda qaldı. Bəlkə də, ona görə ki, cırtdan ölkənin komandasını məğlub etmişdik. Halbuki qadınlardan ibarət milli komanda Avropa Çempionatının seçmə oyunlarını çox yaxşı keçirir. Martın 3-də Bakıda Şimali Makedoniyanı 2:0 hesabı ilə üstələmişdik. Sonra Budapeştdə macarlara 0:1 uduzsaq da, iddiamızı ortaya qoya bilmişdik. İndi Siyasət Əsgərovun komandası qrupda Macarıstandan cəmi 1 xal geridə qalır. Üfüqdə Avropa Çemponatının final mərhələsi görünür. Bizim qızlar hədəf üçün sözün əsl mənasında meydanda döyüşür.

Qadınlardan ibarət milli komanda son illər oyun keyfiyyətini çox artırıb. Heyətdə çox istedadlı futbolçular var. Hələ 24 yaşı tamam olmamış Nigar Mirzəliyeva Rusiyada “Rubin”dən sonra iddialı “Zenit”ə transfer olunmuşdu. Mingəçevirli müdafiəçi ilin əvvəlindən Almaniya “Hamburq”unda oynayır. Ümumiyyətlə, milli komandada legioner həyatı yaşayan xeyli oyunçu var.

Müsbət nəticələr də öz yerində. Milli komanda son 7 oyundan 6-da qələbə qazanıb. Təəssüf, belə uğurlu seriya diqqətdən kənarda qalır. Milli komandanın “ev” oyunlarına olduqca az azarkeş gəlir. Müsbət nəticələr barədə çox danışılmır. Hərçənd, qızlar kişilərin bacarmadığını həyata keçirmək üçün əlindən gələni edir.

Siyasət Əsgərovun komandası aprelin 18-də Andorranı qəbul edəcək. Qələbə Avropa Çempionatının final mərhələsinə doğru daha bir addım sayılacaq. Çox inanırıq ki, bu dəfə də üç xalı əldən verməyəcəyik.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
bizimyol.info

1Sources