EN

“AzerGold”da fövqəladə hallar üzrə maarifləndirmə tədbiri keçirilib

 “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları və xilasetmə işləri” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirin əsas məqsədi əməkdaşların fövqəladə hallara hazırlığını artırmaq, bədbəxt hadisələrin qarşısını almaq və kollektivin təhlükəsizlik qaydaları barədə məlumatlandırmaq olub. Təlim zamanı FHN mütəxəssisləri zəlzələ, dəm qazı təhlükəsi və yanğından mühafizə mövzularında geniş çıxışlar ediblər. İştirakçılara xilasedicilərin istifadə etdiyi fərdi mühafizə vasitələri nümayiş etdirilib, onların ekstremal şəraitdə tətbiqi izah edilib. Həmçinin ilkin xilasetmə vərdişləri və zərərçəkmişlərə kömək göstərmə üsulları interaktiv formada öyrədilib.

Tədbirin praktiki hissəsində şərti yanğın zamanı həyəcan siqnalı verilib, FHN yanğınsöndürənləri hadisə yerinə çataraq binada qalan əməkdaşların xilasını təmin ediblər. İnsanlar təxliyə planına uyğun təhlükəsiz ərazilərə köçürülüb.

“AzerGold” QSC əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartlarına uyğun olaraq, işçi heyətinin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin mütəmadi keçirilməsini təmin edir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

1Sources