ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 aprel, AZƏRTAC
Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında artan geosiyasi gərginlik qlobal enerji sisteminin struktur baxımından nə qədər həssas olduğunu bir daha açıq şəkildə nümayiş etdirir. Dünya neft tədarükünün əhəmiyyətli hissəsinin bu dar dəniz keçidindən asılı olması bölgədə baş verə biləcək istənilən hərbi və ya siyasi böhranın qısa müddətdə enerji qiymətlərində dalğalanmalara, beynəlxalq ticarət marşrutlarında fasilələrə və qlobal iqtisadi sabitliyin pozulmasına səbəb olur. Bu baxımdan enerji və nəqliyyat xətlərinin şaxələndirilməsi artıq, sadəcə, strateji seçim deyil, sistem xarakterli zərurətə çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Nəzrin Əlizadə bildirib.
O qeyd edib ki, belə bir qlobal kontekstdə Azərbaycan malik olduğu geostrateji mövqe, inkişaf etdirdiyi enerji infrastrukturu və həyata keçirdiyi çoxşaxəli xarici siyasət sayəsində diqqət mərkəzinə çıxan əsas aktorlardan biri kimi çıxış edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan xarici siyasət kursu ölkənin enerji və iqtisadi təhlükəsizliyinin təmin olunmasında əsas çərçivəni təşkil edir. Bu strategiyanın mərkəzində isə enerji ixracının yalnız bir marşrutdan asılılığının aradan qaldırılması dayanır. Xəzər hövzəsindən Avropaya uzanan alternativ boru kəmərləri Azərbaycanın riskli geosiyasi boğazlardan asılılığını azaldır, Avropa ilə qurulan uzunmüddətli enerji tərəfdaşlıqları isə enerji gəlirlərinin daha sabit və proqnozlaşdırıla bilən hala gəlməsinə imkan yaradır. Bununla yanaşı, bu modelin davamlılığı əsasən regional təhlükəsizlik mühitinin inkişaf istiqamətindən və Azərbaycanın balanslaşdırılmış siyasətini davam etdirmə imkanlarından asılıdır. Yaxın Şərqdə dərinləşən böhranlar, xüsusilə İran ətrafında artan gərginlik yalnız enerji təhlükəsizliyinə deyil, həm də nəqliyyat və ticarət şəbəkələrinə birbaşa təsir göstərir. Bu proseslər fonunda Azərbaycanın rolu təkcə enerji təchizatçısı kimi deyil, həm də logistika və tranzit mərkəzi kimi genişlənir. Yaxın Şərq hava məkanlarında təhlükəsizlik səbəbilə tətbiq olunan məhdudiyyətlər Avropa ilə Asiya arasında alternativ marşrutlara tələbatı artırıb və bu kontekstdə Azərbaycan hava məkanı mühüm tranzit dəhlizə çevrilib. Xüsusilə Türkiyə və Gürcüstan üzərindən Mərkəzi Asiyaya uzanan şimal marşrutu ənənəvi Körfəz xəttinə nisbətən daha təhlükəsiz alternativ kimi çıxış edir. Baxmayaraq ki, bu marşrut müəyyən hallarda uçuş müddətini artırır, Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən dar hava dəhlizi artıq intensiv uçuş axınının mərkəzinə çevrilərək Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir”.
Ekspert diqqətə çatdırıb ki, geosiyasi və logistika sahəsində baş verən dəyişikliklərə paralel olaraq Azərbaycanın xarici siyasətində diqqət çəkən əsas elementlərdən biri “yumşaq balanslaşdırma” strategiyasıdır. Azərbaycan regional böhranlar fonunda birbaşa hərbi mövqe tutmaqdan çəkinir, bunun əvəzinə diplomatik balans, humanitar təşəbbüslər və logistika imkanları vasitəsilə öz təsirini artırır. Xüsusilə İran–ABŞ-İsrail xəttində artan gərginlik kontekstində Azərbaycanın yanaşması klassik hərbi balans modelindən fərqlənərək daha çevik və funksional xarakter daşıyır.
N.Əlizadənin sözlərinə görə, Azərbaycan böhran şəraitində müxtəlif ölkə vətəndaşlarının təxliyəsi üçün tranzit imkanları təqdim etməklə və regional logistika xətlərinin fasiləsizliyini təmin etməklə həm humanitar, həm də strateji rol oynayır: “Bu yanaşma ölkəyə bir tərəfdən Qərb ilə əməkdaşlığı davam etdirməyə, digər tərəfdən isə qonşu dövlətlərlə, xüsusilə İranla qarşıdurmadan yayınmağa imkan verir. Eyni zamanda, humanitar fəaliyyətlərin və böhran idarəetmə imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq sistemdə məsuliyyətli tərəfdaş imicini gücləndirir. Bütün bu proseslər Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının da dəyişdiyini göstərir. Regionda təhlükəsizlik anlayışı artıq yalnız hərbi komponentlərlə məhdudlaşmır, enerji, nəqliyyat və iqtisadi inteqrasiya faktorları ilə birlikdə formalaşır. Azərbaycan bu prosesdə mühüm rol oynayaraq regional sabitliyə töhfə verir və qarşılıqlı asılılığa əsaslanan daha balanslı təhlükəsizlik modelinin yaranmasına şərait yaradır.
Ekspert vurğulayıb ki, davam edən regional münaqişələr Azərbaycan üçün müəyyən risklər də yaradır. Belə ki, sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlər artır, xüsusilə pilotsuz uçuş aparatlarının mümkün insidentləri diqqət mərkəzindədir. Eyni zamanda, hava marşrutlarının məhdudlaşması, sərhədyanı ticarətin ləngiməsi və enerji-logistika layihələrində gecikmələr ölkənin iqtisadi mövqeyinə təsir göstərə biləcək əsas risklər sırasındadır.
Sonda N.Əlizadə qeyd edib ki, Yaxın Şərqdə baş verən geosiyasi proseslər qlobal sistemdə ciddi risklər yaratsa da, Azərbaycan kimi çevik və balanslı siyasət aparan ölkələr üçün yeni imkanlar da formalaşdırır. Azərbaycan hazırda enerji təchizatçısı, logistika mərkəzi və regional sabitlik aktoru kimi çoxşaxəli rol oynayır. Lakin bu rolun uzunmüddətli davamlılığı həm regional proseslərin inkişafından, həm də ölkənin balans siyasətini qoruyub saxlamaq bacarığından asılı olacaq.
Müxbir- Səbinə Əlizadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.