EN

Ekspert: Bakıda dayanıqlı şəhər mobilliyi istiqamətində atılan addımlar artıq real nəticələr verir

Bakı, 15 aprel, AZƏRTAC

Bakı şəhərində nəqliyyat sahəsində son dövrlərdə həyata keçirilən islahatlar və tətbiq olunan pilot layihələr dayanıqlı şəhər mobilliyi konsepsiyasının uğurla tətbiq olunduğunu göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, beynəlxalq təcrübəyə əsaslanan yanaşmalar, o cümlədən qısamüddətli pilot tətbiqlər və əvvəlki mərhələlər şəhər nəqliyyatının idarə olunmasında yeni mərhələnin əsasını qoyur. Onun sözlərinə görə, artıq Bakıda avtobus zolaqları şəbəkə halını almağa başlayıb, mikromobillik üçün xüsusi infrastruktur formalaşıb.

“Əvvəllər bu istiqamətdə yalnız lokal səviyyədə müəyyən addımlar atılmışdısa, bu gün artıq vahid şəbəkə yanaşması müşahidə olunur. Bu isə şəhər nəqliyyatında səmərəliliyin artmasına xidmət edir. İctimai nəqliyyatda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqi də genişlənir. Xüsusilə elektrobusların sayının artması ətraf mühitə təsirin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Elektrobuslar həm səssizdir, həm də tullantı səviyyəsi aşağıdır. Bu da dayanıqlı şəhər mobilliyi prinsiplərinə uyğun olaraq ekoloji yükün azaldılmasına töhfə verir”, - deyə Rauf Ağamirzəyev əlavə edib.

R.Ağamirzəyev onu da vurğulayıb ki, iqlim dəyişikliklərinin şəhərlərə təsiri məsələsi də nəqliyyat planlaşdırılmasında nəzərə alınmalıdır: “Son dövrlərdə Bakıda müşahidə olunan intensiv yağıntılar və onların yaratdığı fəsadlar bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir. Bu məsələdə beynəlxalq təcrübənin öyrənilməsi və müxtəlif şəhərlərin tətbiq etdiyi həllərin müzakirəsi vacibdir. Sürətli urbanizasiya və əhali artımı fonunda nəqliyyat sisteminin adekvat inkişafı xüsusi önəm daşıyır. Əks halda, bu, tıxacların artmasına, ekoloji problemlərə və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan dayanıqlı şəhər mobilliyi prinsiplərinə əsaslanan yanaşma mühüm rol oynayır”

Ekspert qeyd edib ki, uzunmüddətli strategiya “çəkindir, əvəz et və təkmilləşdir” prinsiplərinə əsaslanır: “Çəkindirici tədbirlər kimi ödənişli parklanma və məhdudiyyətlər tətbiq edilir. Əvəzləyici tədbirlər yüksək keyfiyyətli ictimai nəqliyyatın inkişafını nəzərdə tutur. Təkmilləşdirmə isə ictimai nəqliyyat üçün xüsusi zolaqların ayrılması və ona üstünlük verilməsi ilə həyata keçirilir”.

R.Ağamirzəyev əlavə edib ki, artıq Bakıda bəzi küçələrdə ictimai nəqliyyata üstünlük verilməsi istiqamətində konkret addımlar atılıb və bu prosesin daha da genişləndirilməsi vacibdir. Onun fikrincə, nəqliyyat layihələri davamlı xarakter daşımalı, şəhərin inkişaf tempi ilə uyğunlaşdırılmalıdır.

Müxbir-Vüqar Qurbanoğlu

Chosen
28
1
azertag.az

2Sources