Rusiya Dövlət Duması “Müdafiə haqqında” Qanuna düzəliş layihəsini birinci oxunuşda qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, bu, Rusiya Prezidentinə beynəlxalq və milli məhkəmələrin qərarı ilə xaricdə saxlanılan rusları müdaifə etmək adı altında digər ölkələrə qoşun göndərməyə imkan verir.
Ekspertlər təşəbbüsü “qorxutma tədbiri” adlandırır və qeyd edirlər ki, düzəliş qeyri-rəsmi olaraq “Haaqaya müdaxilə haqqında” Qanun adlandırılan “ABŞ hərbçilərinin müdafiəsi” Qanununun təkrarıdır.
Dumada çıxış edən Rusiya müdafiə nazirinin müavini Anna Tsivilyova sadəcə, layihənin Rusiya Prezidentinin qərarı ilə xaricdəki rusları cinayət və digər təqiblərdən qorumaq üçün hazırlandığını deyib.
Deputatlar sənədin birinci oxunuşda qəbul edilməsinə yekdilliklə səs veriblər. Qanun layihəsinin müzakirəsi beş dəqiqədən az vaxt aparıb.
Qeyd edək ki, Rusiya hökuməti martın 19-da Dövlət Dumasına “Vətəndaşlıq haqqında” Qanuna da düzəlişlər layihəsini təqdim edib.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, qanun layihəsinin məqsədi Rusiya vətəndaşlarının hüquqlarının dost olmayan xarici dövlətlərin fəaliyyətlərindən və xaricdəki hüquq və azadlıqlarının qanunsuz pozulmasından müdafiə etməkdir.
“Vətəndaşlıq haqqında” Qanuna Rusiya hakimiyyət orqanlarının xaricdə həbs edilmiş, saxlanılmış və ya təqibə məruz qalmış vətəndaşları müdafiə etmək üçün “lazımi tədbirlər görəcəyini” bildirən müaddə əlavə olunub.
Bu tədbirlərin nədən ibarət olması “Müdafiə haqqında” Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Orada Prezidentin silahlı qüvvələrdən onların təyinatı üzrə olmayan başqa məqsədlərdən istifadə etməsinə icazə verən norma var. Lakin bu cür istifadənin konkret halları sadalanmayıb.
Düzəlişdə Prezidentə orada təqib olunan Rusiya vətəndaşlarını müdafiə etmək üçün xaricə qoşun göndərə biləcəyi bildirilir. Qanuna görə, Rusiya hakimiyyəti xaricdə həbs olunan bütün ruslara deyil, yalnız beynəlxalq məhkəmələr və ya digər dövlətlər tərəfindən səlahiyyətli olan milli məhkəmələr tərəfindən mühakimə olunanlara belə güclü müdafiə vəd edir.
Sənəddə “səlahiyyətləndirmə”nin nə demək olduğu izah edilmir, məhz buna görə də Rusiya hökuməti digər ölkələri qoşun yeritməklə hədələyir.
Göründüyü kimi, Rusiyanın qəbul etdiyi bu qanun xarici dövlətləri, ilk növbədə isə postsovet ölkələrinə qarşı təhdid məqsədi daşıyır. Rəsmi Moskva keçmiş Sovet ölkələrini daima Rusiya vətəndaşlarının hüquqlarını müdafiəsi adı altında hərbi təcavüzlə hədələyib.
Ukrayanya qarşı işğalçılıq siyasətini də Rusiya bununla əsaslandırmağa çalışıb. “Müdafiə haqqında” və “Vətəndaşlıq haqqında” qanunlara edilən düzəlişlər də bu baxımdan təxribat kimi qiymətləndirilə bilər.
Kreml bununla guya başqa dövlətlərdə Rusiya vətəndaşlarının hüquqlarının pozulduğu, onların həyatına təhlükə yarandığına dair rəy yaratmaqla özünün işğalçılıq siyasətinin dinc insanları “müdafiə” etmək məqsədi daşıdığını nümaşyiş etdirmək istəyir.
Yəni Rusiyanın bu məqsədi hərbi təcavüzkarlıq əməlinə legitimlik qazandırmaq niyyəti güdür. Dövlət Dumasının qanunvericiliyə etdiyi mürtəce əlavə və dəyişikliklər həm də xaricdə kəşfiyyat, həmçinin təxribat fəaliyyəti ilə məşğul olan Rusiya vətəndaşlarını sığortalamağa xidmət edir.
Xatırladaq ki, son dövrlər Azərbaycanda da “Rus Evi”və “Sputnik Azərbaycan” informasiya agentliyində fəaliyyət göstərən bir sıra Rusiya vətəndaşları casusluq əməllərinə görə məsuliyyətə cəlb edilmişdi.
Dövlət Dumasının son qərarı təxribatçı fəaliyyətinə görə ifşa edilmiş və saxlanılmış Rusiya vətəndaşlarının sanki toxunulmaz olduğu mesajını özündə ehtiva edir.
Kreml casus şəbəkəsinin saxlanılacağı və ya həbs ediləcəyi istənilən ölkəni qoşun yeritməklə hədələyir.