EN

Azərbaycan Avropa körpüsü: Praqadan Bakıya uzanan strateji xəritə

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüş keçirib. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri, həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sahəsində əməkdaşlıq və Bakıya birbaşa uçuşlar vasitəsilə turizmin inkişafı müzakirə olunub.

Elçin Əmirbəyov “CNN Prima News”a verdiyi müsahibədə Azərbaycan–Çexiya və ümumilikdə Azərbaycan–Avropa İttifaqı münasibətlərindən geniş bəhs edib. O, iki ölkə əlaqələrinin dostluq, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslandığını, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.

O, həmçinin Azərbaycanın geostrateji mövqeyinə diqqət çəkərək ölkəmizin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynadığını bildirib və Azərbaycanın Avropa ölkələri, o cümlədən Çexiya üçün Mərkəzi Asiyaya etibarlı çıxış qapısı olduğunu vurğulayıb. Son aylarda Azərbaycanla Avropa ölkələri arasında ikitərəfli təmasların daha da intensivləşdiyi qeyd olunub.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə ikitərəfli münasibətləri gücləndirməsi bütövlükdə Avropa İttifaqında ölkəmizin çəkisini, nüfuzunu artırır. 

Ekspert bildirib ki, Azərbaycanın hazırda 10 Aİ üzvünü enerji ilə təmin etməsi və yaxın əlaqələr qurması qitənin digər üzvlərinin də Azərbaycana münasibətini müsbət yöndə dəyişir: 

“Məlumdur ki, Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliyadır. Yaradılmış qarşılıqlı-iqtisadi əlaqələr İtaliyanın Avropa İttifaqında bir çox məsələlərdə Azərbaycana dəstək verməsinə gətirib çıxarıb. Eyni zamanda Almaniya ilə münasibətlər də gündən-günə yaxşılaşır. Azərbaycan Almaniyanın qazla təminatında iştirak etməyə başlayıb".

Abutalıb Səmədov: Rumıniya və Bolqarıstan Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayırlar

O qeyd edib ki, Fransa uzun müddət ermənipərəst mövqe tutsa da, onun da davranışında müəyyən müsbət dəyişikliklər hiss olunmaqdadır:

"Macarıstan daim Azərbaycana siyasi dəstək verib. Rumıniya və Bolqarıstan Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm rol oynayırlar. Həmçinin, bu dövlətlər Qara dəniz üzərindən “yaşıl enerji” ötürülməsi layihəsində də iştirakl edirlər. Yunanıstan TANAP və TAP layihələrinin iştirakçısıdır və Balkanlara çıxış üçün mühüm əhəmiyyətə malik dövlətlərdəndir”.

Analitikə görə, Avropa ilə münasibətlərdə uğur qazanmağın rolu təkcə Aİ ilə işləməkdən asılı deyil: 

“Həm də onun daxilində fərqli maraqları olan aparıcı ölkələrlə hədəfli və differensial siyasət yürütməkdən ibarətdir. Bu yanaşma Bakıya daha çox manevr imkanı verir və daha geniş iqtisadi fayda qazandırır. Ən əsası siyasi balans yaratmaq imkanı verir”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
bakivaxti.az

1Sources