Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov bildirib ki, xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul prosesində ilk dəfə olaraq süni intellekt alətlərindən istifadə ediləcək.
Yeniliklə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, bu, Azərbaycan təhsil idarəçiliyində rəqəmsal transformasiyanın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilməlidir:
"Bu təşəbbüsü bir neçə istiqamət üzrə dəyərləndirə bilərik. Burada birinci məsələ, hesab edirəm ki, şəffaflığın və obyektivliyin artırılmasıdır. Mən zamanında Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair dövlət proqramının işçi qrupunun üzvü olmuşam və bu proqramın davam etməsini, bütövlükdə genişlənməsini ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslar üzrə kadr hazırlığı baxımından yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dövlət proqramına münasibət, onun idarə olunması, orada şəffaflığın və obyektivliyin təmin olunması mənim üçün qırmızı xətdir. Süni intellekt insan faktorundan qaynaqlanan subyektivliyi minimuma endirir, bu birmənalıdır. Təsəvvür edin, minlərlə müraciət arasında ən uyğun namizədlərin seçilməsində süni intellekt alqoritmləri hər bir müraciəti eyni meyarlar, akademik göstəricilər, ixtisas uyğunluğu, dil bilikləri və s. əsasında qısa müddətdə təhlil edir və insan xətası ehtimalını aradan qaldırır. Dövlət Proqramına müraciət edən minlərlə tələbənin sənədlərinin əl ilə emalı kifayət qədər çox zaman alır və süni intellektin imkanları burada həm səmərəliliyi artırır, həm də prosesi sürətləndirir. İlkin seçim mərhələsi qısalır və eyni zamanda namizədlərə daha tez cavab verilməsi təmin olunur".
Onun sözlərinə görə, müasir süni intellekt alətləri təkcə rəqəmləri deyil, həm də müraciət edənin motivasiya məktubundakı tonu, məqsədyönlülüyü və digər xüsusiyyətləri analiz edə bilir.
"Bu göstəriciləri müqayisə edərək daha düzgün qərar verir. Bu seçim prosesində süni intellektin imkanlarının nəzərə alınması vacibdir.
Digər mühüm məqamlardan biri də odur ki, süni intellekt dövlət üçün strateji əhəmiyyət daşıyır. Süni intellektin təhlilləri sayəsində hansı ixtisaslara marağın daha çox olduğu, hansı ölkələrin daha məhsuldar nəticə verdiyi və gələcəkdə əmək bazarında hansı mütəxəssislərə ehtiyac duyulacağı daha dəqiq müəyyən olunur. Prosesdə ən vacib məsələlərdən biri etika və nəzarət mexanizmidir. Buna söhbətin əvvəlində də toxundum. Süni intellektin verdiyi qərarlar mütləq şəkildə peşəkar ekspert qrupu tərəfindən yekun olaraq qiymətləndirilməlidir. Proqramın texnoloji baxımdan dünyanın ən müasir seçim sistemlərinə inteqrasiya olunduğu da bu yanaşmadan aydın görünür. Bu baxımdan süni intellekt tərəfindən qiymətləndirmənin aparılmasını yuxarıda qeyd etdiyim məqamlar çərçivəsində dəyərləndirmək vacibdir. Nəticə etibarilə hesab edirəm ki, ölkəmizdə rəqəmsallaşmaya, süni intellektin imkanlarına və müasir yanaşmalara verilən bu imkandan dövlət proqramına müraciət edən namizədlərin seçimində düzgün istifadə olunması dəstəklənməlidir. Bu, çox doğru yanaşmadır və göstərir ki, Dövlət Proqramı ölkəmiz üçün böyük əhəmiyyət daşıdığı kimi, onun idarə olunmasında da yeniliklərə və innovasiyalara açığıq, eyni zamanda şəffaflığın və səmərəliliyin artırılmasında maraqlıyıq", - deyə o yekunlaşdırdı.
NURİYYƏ