EN

Gəncədə gələcəyin Olimpiya çempionları yetişir - FOTO

Gəncə, 15 aprel, AZƏRTAC

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar milli idmanımızın beynəlxalq arenada nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Azərbaycanın “milli brendi” sayılan güləş növünə göstərilən yüksək dövlət qayğısı, müasir Olimpiya İdman komplekslərinin inşası və idmançıların sosial müdafiəsinin gücləndirilməsi bu idman növünün yeni intibah dövrünə qədəm qoymasını təmin edib.

Gəncə şəhəri Azərbaycanda idmanın, xüsusilə də yunan-Roma güləşinin inkişafında mühüm rol oynayan ən böyük mərkəzlərdən biri kimi çıxış edir. Şəhərdə formalaşan zəngin və köklü idman ənənələri, yüksəkixtisaslı peşəkar məşqçi heyəti və ən müasir standartlara cavab verən infrastruktur gənc istedadların aşkar edilməsinə və onların dünya səviyyəli pəhləvanlar kimi yetişməsinə geniş imkanlar açır. Son illərdə həm respublika, həm də beynəlxalq turnirlərdə əldə olunan yüksək nailiyyətlər, eləcə də yeniyetmələr arasında güləşə olan kütləvi maraq bu idman növünün Gəncədə davamlı və sistemli şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son üç ildə yunan-Roma güləşi üzrə keçirilən yerli və beynəlxalq yarışlarda şəhər idmançıları, ümumilikdə 28 medal qazanıblar. Bu medallardan 7-si qızıl, 9-u gümüş və 12-si bürünc əyardadır. O cümlədən beynəlxalq turnirlərdən 2 qızıl, 7 gümüş və 6 bürünc medal əldə olunub.

Bu sahədəki inkişafı yaxından izləmək üçün yolumuzu Gəncə şəhər İdman Liseyindən saldıq. Burada gənc güləşçilərin gündəlik məşq prosesi, onların əzmi və gələcəyə olan böyük inamı yunan-Roma güləşinin şəhərdə hansı səviyyədə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir.

Əməkdar məşqçi, Qərb regionu üzrə yunan-Roma güləşi üzrə baş məşqçi və Gəncə şəhər İdman Liseyinin direktoru Mehman Allahverdiyev xüsusilə son illərdə yeniyetmələr arasında bu idman növünə marağın əhəmiyyətli dərəcədə artdığını vurğulayır: “Gəncədə yunan-Roma güləşi üzrə əldə olunan nailiyyətlər ildən-ilə artmaqdadır. Şəhərin gənc idmançıları respublika çempionatları ilə yanaşı, nüfuzlu beynəlxalq turnirlərdə də uğurla çıxış edərək qızıl, gümüş və bürünc medallar qazanırlar. Avropa və dünya arenalarında qazanılan bu nəticələr Gəncə güləş məktəbinin gücünü və ənənələrinin davamlılığını bir daha təsdiqləyir. Sevindirici haldır ki, milli yığma komandanın heyətində də bizim xeyli sayda yetirmələrimiz təmsil olunur”.

Liseydə yaradılan müasir idman infrastrukturu və məşq şəraiti idmançıların peşəkar səviyyədə formalaşmasına geniş imkan yaradır. Burada fəaliyyət göstərən təcrübəli məşqçi heyəti gənc istedadların potensialını üzə çıxarmaq üçün fərdi yanaşma tətbiq edir ki, bu da yüksək nəticələrin əldə olunmasında mühüm amilə çevrilir.

Gənc idmançılardan Məqsəd Zeynalov hazırlıq prosesi və qarşıya qoyulan hədəflər barədə fikirlərini bölüşərək bildirir ki, əsas məqsədi təkcə respublika daxilində deyil, həm də beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəltməkdir: “Üç ilə yaxındır ki, yunan-Roma güləşi ilə məşğulam. Bu müddət ərzində bir çox şəhərlərarası turnirin qalibi və mükafatçısı olmuşam. Gürcüstanda keçirilən beynəlxalq yarışdan bürünc medalla qayıtmışam. Ən böyük hədəfim ölkə çempionu olmaq, yığma komandaya vəsiqə qazanmaq və Azərbaycanı dünyamiqyaslı yarışlarda layiqincə təmsil etməkdir”.

Bu gün əldə olunan hər bir nailiyyət, əslində gələcəkdə beynəlxalq arenalarda qazanılacaq daha möhtəşəm zəfərlərin möhkəm təməli və əsaslı zəminidir. Gənc idmançılar arasında müşahidə olunan ruh yüksəkliyi, onların bu idman növünə olan marağı və dövlətin yaratdığı genişmiqyaslı imkanlar bir daha sübut edir ki, Gəncədə yunan-Roma güləşi özünün parlaq inkişaf dövrünə qədəm qoyub. Bu gün Gəncə şəhəri təkcə özünün qədim və zəngin idman ənənələri ilə kifayətlənmir, həm də müasir dövrün tələblərinə cavab verən, gələcəyin Olimpiya çempionlarını yetişdirən mühüm bir idman ocağı və strateji məktəb kimi öz mövqeyini respublika miqyasında daha da möhkəmləndirir.

Müxbir - Elcan Məmmədov

 

Chosen
43
1
azertag.az

2Sources