EN

ABŞ və Britaniya Rusiyanın nüvə silahına qarşı təlimlər keçirir

ABŞ

Birləşmiş Ştatlar və Böyük Britaniya, Rusiyanın kosmosdan mümkün nüvə zərbəsinə qarşı müdafiəni məşq etdikləri hərbi təlimlər keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Rəsmi şəxslərin sözlərinə görə, əgər kosmos döyüş meydanına çevrilərsə, bütün cəmiyyət bundan "zərər görə bilər". ABŞ Kosmik Komandanlığı və Böyük Britaniya da daxil olmaqla müttəfiqlərinin iştirak etdiyi təlimlərin mövzusu Rusiyanın peyklərə qarşı potensial nüvə silahı tətbiqi olub.

ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirib ki, Çinin orbital yanacaqdoldurma və logistika sahəsindəki uğurları fonunda son bir ildə kosmosda manevr ehtiyacı daha da artıb.

"Böyük dövlətlə qlobal və uzunmüddətli münaqişədə çəkindirmə siyasəti yürütmək və qalib gəlmək üçün bizə fərqli strategiya lazımdır. Bu strategiya — manevr müharibəsidir", — deyə Uaytinq qeyd edib.

Baş usta-serjant Ceykob Simmons isə vurğulayıb ki, kosmos artıq sadəcə köməkçi sistem deyil; bazarlar, tibb, kənd təsərrüfatı, aviasiya və naviqasiya birbaşa ondan asılıdır.

Təlimlər ABŞ, Rusiya və Çin arasında kosmosda hökmranlıq uğrunda artan mübarizə fonunda baş tutub. 2024-cü ilin mayında Vaşinqton Rusiyanın orbitə digər peyklərə hücum edə biləcək qurğu çıxardığını iddia etsə də, Moskva kosmosda nüvə silahı yerləşdirmədiyini və bunu planlaşdırmadığını bəyan edib.

Məryəm Quliyeva

Chosen
16
1
xalqcebhesi.az

2Sources