EN

KİV: Aİ müstəntiqləri Orban dövründə korrupsiya hallarını araşdıra bilər

Macarıstanın yeni seçilmiş lideri Peter Macar ölkənin Avropa Prokurorluğuna qoşulacağını və bununla da Avropa İttifaqı müstəntiqlərinə maliyyə fırıldaqları üzrə araşdırmalar aparmaq səlahiyyəti verəcəyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Euractiv nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Macar 14 aprel tarixində verdiyi açıqlamada bu addımın onun ilk qərarlarından biri olacağını qeyd edib. Bu, həmçinin Avropa Komissiyası tərəfindən hüququn aliliyi ilə bağlı narahatlıqlara görə dondurulmuş 17 milyard avro vəsaitin açılması üçün planlaşdırılan islahatlarla yanaşı həyata keçiriləcək.

Yeni baş nazir kimi ilk mətbuat konfransında Macar partiyasının bəzi üzvlərinin sabiq baş nazir Viktor Orbanın həbs olunması ilə bağlı çağırışlarını rədd edib. O vurğulayıb ki, siyasətçilərin vəzifəsi kiminsə həbs olunmasına qərar vermək deyil.

"Siyasətçinin, nə baş nazirin, nə də partiya sədrinin işi keçmiş baş nazirin həbs olunub-olunmamasına qərar vermək deyil", deyə Macar bildirib.

Bu qərar Orban hökumətinin uzun illər Avropa Prokurorluğuna qoşulmaqdan imtinası ilə kəskin ziddiyyət təşkil edir. Həmin dövrdə rəsmi Budapeşt bu qurumun ölkənin suverenliyinə təsir göstərəcəyini iddia edirdi.

Tənqidçilər isə hesab edirdilər ki, bu imtina Orban hakimiyyəti dövründə Aİ vəsaitlərinin siyasi əlaqələri olan biznes şəbəkələrinə yönəldilməsi ilə bağlı iddialarla bağlıdır.

Avropa Prokurorluğu (EPPO) Lüksemburqda yerləşir və transmilli mürəkkəb maliyyə cinayətlərini araşdırmaq səlahiyyətinə malikdir. Qurum milli hüquq-mühafizə və məhkəmə sistemləri ilə yanaşı öz müstəntiqlərinə də güvənir. Macarıstanın bu quruma qoşulması müəyyən nəzarət mexanizmlərinin ölkə xaricinə keçməsi demək olacaq.

Qeyd olunur ki, EPPO 2017-ci ildən etibarən Aİ maliyyəsinə təsir edən fırıldaqçılıq hallarını araşdıra bilər. Bu isə Orbanın hakimiyyətinin son illərini də əhatə edir.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, bu addım ictimai etimadın və hüququn aliliyinin təmin olunması üçün vacibdir və yeni hökumət ilk növbədə məhkəmə sisteminin müstəqilliyini təmin etməlidir.

Macarın qarşısında vaxt baxımından ciddi məhdudiyyətlər var. Əgər o, dondurulmuş Aİ vəsaitlərinə tez çıxış əldə etmək istəyirsə, hüquqi islahatlara artıq avqust ayına qədər başlamaq məcburiyyətindədir.

Məqalədə qeyd olunur ki, bu addım Macarıstanın siyasi baxımdan həssas məsələlərdə xarici nəzarətə hazır olub-olmadığını göstərən mühüm sınaq kimi qiymətləndirilir və Orban dövrünün başa çatıb-çatmadığını nümayiş etdirə bilər.

Avropa Prokurorluğunun nümayəndəsi bildirib ki, qoşulmaq üçün Macarıstan rəsmi şəkildə Avropa Komissiyasına və Aİ Şurasına müraciət etməlidir. Qərarın dörd ay ərzində qəbul ediləcəyi gözlənilir. Daha sonra hüquqi islahatlar və Avropa prokurorlarının təyin edilməsi prosesi başlayacaq.

Bu dəyişikliklər həyata keçirilərsə, onların Macarıstan oliqarxları üçün ciddi nəticələri ola bilər. Financial Times qəzetinin araşdırmasına görə, Orban dövründə dövlət tenderləri çərçivəsində ayrılan vəsaitlərin 14 faizi onunla əlaqəli 13 nəfərə məxsus 42 şirkətə yönəlib. Bu məbləğ 2010–2025-ci illər arasında 28 milyard avronu ötür.

Həmçinin qeyd olunur ki, Orbanın hakimiyyəti dövründə Macarıstan "Transparency International" təşkilatının korrupsiya indeksində geriləyib.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources