EN

Trampdan gözlənilməz açıqlama: ABŞ–İran masaya qayıdır, müharibə bitdi? – Azərbaycanlı ekspert nə deyir

ABŞ prezidenti Donald Tramp bu saatlarda İranla danışıqların yenidən bərpa oluna biləcəyini açıqlayaraq, “iki gün ərzində nələrsə baş verəcək” anonsunu verib. Bu gözlənilməz bəyanat qlobal informasiya məkanında dərhal rezonans doğurub və aparıcı beynəlxalq media qurumları tərəfindən manşet xəbəri kimi təqdim olunub. Dünyanın müxtəlif analitik mərkəzlərində və ekspert çevrələrində formalaşan ilkin qənaət isə kifayət qədər diqqətçəkəndir: bir çoxlarına görə, Vaşinqton və Tehran arasında artıq müəyyən ilkin razılaşma əldə olunub və bu, davam edən gərginliyin, hətta müharibə riskinin tədricən sona yaxınlaşdığına işarədir.

Bəs regionun birbaşa təsir dairəsində yerləşən Azərbaycanda bu proses necə dəyərləndirilir?

Siyasi ekspert Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, mümkün görüş baş tutarsa, İranın xüsusilə Hörmüz boğazı ilə bağlı siyasətində geri addım atması qaçılmaz olacaq:

“Əgər görüş baş tutacaqsa, Trampın dediyi kimi, İran Hörmüz boğazı ilə bağlı geri addım atmaq məcburiyyətində qalacaq. Əks halda, danışıqlar uğursuz olacaq və bölgədə gərginlik yenidən artacaq.”

Ekspertin sözlərinə görə, İran indiyədək boğaza nəzarət vasitəsilə ABŞ və digər aktorlara təzyiq göstərməyə çalışsa da, hazırkı vəziyyətdə əks effekt yaranıb. ABŞ-ın bölgədəki mövqeyi İran neftinin ixracını çətinləşdirib və bu, Tehranın iqtisadi maraqlarına ciddi zərbə vurur.

E.Şahinoğlu qeyd edir ki, prosesdə Çin və Pakistan kimi ölkələrin də rolu mühümdür. Onun fikrincə, xüsusilə Çin İrana təsir göstərməlidir:“Çin də bu məsələnin həllini istəyir. Çünki gərginlik davam edərsə, Pekin İrandan ucuz neft ala bilməyəcək. ABŞ buna imkan verməyəcək və tankerlər geri qaytarılacaq”.

Ekspert əlavə edib ki, tərəflər arasında artıq qeyri-rəsmi mesajlaşmaların baş verdiyi istisna edilmir və bu, mümkün razılaşmanın ilkin siqnalları kimi qəbul oluna bilər.

Bununla yanaşı, o xəbərdarlıq edib ki, planlaşdırılan görüşlər nəticəsiz qalarsa, bölgədə gərginlik yenidən artacaq və bu, qlobal enerji bazarlarına da mənfi təsir göstərəcək: “Əgər nəticə olmasa, bu hamı üçün zərərli olacaq – həm Çin, həm Pakistan, həm də beynəlxalq aləm üçün. Gərginliyin davam etməsi enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olacaq.”

Beləliklə, ABŞ–İran münasibətlərində mümkün yumşalma ehtimalı qlobal diqqət mərkəzində qalmaqda davam edir. Yaxın günlərdə veriləcək qərarlar isə yalnız region üçün deyil, dünya enerji bazarları və geosiyasi balans baxımından da həlledici ola bilər. 

Könül
Musavat.com

Chosen
31
50
musavat.com

10Sources