EN

Boşanma üçün mediasiyadan keçmədən məhkəməyə müraciət etmək mümkündürmü? - VƏKİL AÇIQLADI

“Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya ailə mübahisələrinin, xüsusilə boşanma prosesinin daha sivil və effektiv şəkildə həllində mühüm rol oynayır. “Mediasiya haqqında” Qanun ilə bu institutun tətbiqi Azərbaycanda hüquqi sistemin daha çevik və humanist olmasına yönəlib”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Xəyalə Məmmədova deyib.

O bildirib ki, ilk növbədə, mediasiyanın əsas rolu tərəflər arasında qarşılıqlı razılığın əldə olunmasını təmin etmək və məhkəmələrin iş yükünü azaltmaqdır:

”Məhkəmə prosesində qərarı hakim verir və tərəflərdən biri çox vaxt narazı qalır. Mediasiyada isə qərar tərəflərin öz razılığı ilə formalaşır ki, bu da daha davamlı və konfliktlərin təkrar yaranma ehtimalını azaldan nəticələrə gətirib çıxarır.

2021-ci il iyulun 1-də Ailə Məcəlləsinə 7-1-ci maddə əlavə edilmişdir və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minmişdir. Həmin maddəyə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Beləliklə, boşanmaq istəyən tərəf əvvəlcə ərizə ilə Mediasiya təşkilatına müraciət edir. Mediasiya təşkilatı tərəfindən tərəflər mediasiya iclasına dəvət edilir.

Digər mühüm məqam mediasiyanın vaxt və maliyyə baxımından üstünlüyüdür. Məhkəmə çəkişmələri aylarla, bəzən illərlə davam edə bilər. Mediasiya isə daha qısa müddətdə yekunlaşır və əlavə məhkəmə xərclərini minimuma endirir. Bu məcburiyyətə görə Mediasiya xərclərini ödəyən tərəf ödədiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Yalnız tərəflərin yetkinlik yaşına çatmayan birgə uşaqları yoxdursa və tərəflərin boşanma ilə bağlı qarşılıqlı razılığı varsa Məhkəməyə müraciət etmədən qeydiyyat şöbəsində boşana bilərlər. Bu halda medasiya müraciət etmək tələb olunmur.
Bəs birbaşa məhkəməyə müraciət etsək nə baş verəcək? Mediasiyada iştirak etmədiyiniz üçün məhkəmə nikahın pozulması barədə ərizənizi geri qaytaracaq. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır”.

Ayşən Vəli

Chosen
21
1
sia.az

2Sources