Amerikadakı məhşur “Forbes” jurnalı erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın sərvətinin bir ildə 900 milyon dollar artaraq 4,1 milyard dollara çatdığını yazıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” Partiyasının siyasi şurasının üzvü Narek Karapetyan özünün “Facebook” səhifəsində münasibət bildirib.
“Həbsxanada olarkən sərvətini təxminən bir milyard dollar artırmağı bacaran birini tanıyırsınızmı? Təsəvvür edin ki, o, Ermənistanın Baş naziri olanda ölkənin həyat səviyyəsini nə qədər yaxşılaşdıracaq. Dəyişiklik vaxtıdır!”,-deyə Narek Karapetyan qeyd edib.
“Forbes” jurnalı Samvel Karapetyanın sərvətinin 2025-ci ildəki 3,2 milyard dollardan 2026-cı ildə 4,1 milyard dollara yüksəldiyini bildirir.
Qeyd edilir ki, o, 2,8 milyard dollar dövriyyəsi olan kommersiya daşınmaz əmlakının inkişafı ilə məşğul olan “Tashir Holding” şirkətinin sahibidir. Uzun müddətdir ki, “Qazprom” şirkətinin subpodratçısı olan “Taşir” şirkəti, həmçinin Moskvanın mərkəzi küçələrinin işıqlandırması üçün dövlət müqavilələrinə malikdir.
Karapetyanın oğlu Sarkis və qızı Tatevik “Taşir” şirkətinin top menecerləridir. Tatevik kinoteatr şəbəkəsinin inkişafından məsuldur. Karapetyan ticarət mərkəzləri tikib, elektrik enerjisi şirkətini və Ermənistanın ən böyük elektrik stansiyalarından birini alıb.
Xatırladaq ki, iş adamı 2025-ci ilin iyun ayında Erməni Kilsəsini müdafiə edən açıqlamalar verdikdən sonra dövlət çeüvrilişinə cəhddə ittiham edilərək həbs olunub.