EN

“Cərimələr sosial vəziyyətə görə diferensiallaşdırılmalıdır” – Sahib Məmmədli

İnzibati cərimələr bir çox ölkədə ictimai qaydaların qorunması və qanun pozuntularının qarşısının alınması üçün əsas vasitələrdən biri kimi tətbiq olunur. Lakin bu cərimələrin məbləği və tətbiq mexanizmi cəmiyyət daxilində sosial ədalət və bərabərlik baxımından tez-tez müzakirə mövzusuna çevrilir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədli QHT.az-a açıqlamasında inzibati cərimə sistemində mövcud yanaşmanın sosial ədalət baxımından yenidən dəyərləndirilməsinin vacibliyini bildirib. O, bəzi cərimələrin vətəndaşların real iqtisadi imkanları nəzərə alınmadan tətbiq olunmasının müəyyən çətinliklər yaratdığını qeyd edib.

O açıqlamasında bildirib: "Cərimələr belədir ki, dövlət orqanlarının vəzifəli şəxsləri öz vəzifə öhdəliklərini yerinə yetirmədikdə, inzibati xətaya yol verdikdə daha yüksək cərimə olmalıdır, nəinki vətəndaşlar. Bizdə bir az əksinədir və bir çox sahələrdə fiziki şəxslərə, kommersiya qurumlarının vəzifəli şəxslərinə nəzərdə tutulan cərimələr həddən artıq yüksəkdir. Xüsusən vətəndaşlara münasibətdə bəzi cərimələr var. Tutaq ki, piyadalarla bağlı müəyyən ediblər. Yolu düzgün keçməyəndə cərimə tətbiq olunur. Kifayət qədər böyük olmasa da, hər halda bu, ödəmək üçün çətindir. Ona görə, məsələn, Daxili İşlər Nazirliyi güzəşt edir, bu halda piyadalara çox da cərimə tətbiq olunmur. Bəzi dövlət orqanları, yəni inzibati xətaya görə protokol tərtib etməli olan orqanlar da güzəştlər edirlər. Əslində isə bu belə olmamalıdır, optimal olmalıdır və ölkədəki sosial-iqtisadi şərait nəzərə alınmaqla tətbiq olunmalıdır. Və yaxud, məsələn, tutaq ki, yol hərəkəti iştirakçıları üçün diferensial yanaşma xaricdə praktikada tətbiq olunur. Yəni, tutaq ki, birinin avtomobilinin qiyməti yarım milyondur, digəri isə 5 mindir".

"Bəzən insanların gəlirinə görə, yaxud onun daşınar və daşınmaz əmlakının qiymətinə görə cərimələr tətbiq olunur. Məncə, bizdə də yavaş-yavaş o sistemə keçilsə yaxşı olar'.-deyə qeyd edib.

Zəhra Ağayeva

Chosen
20
qht.az

1Sources