EN

Almaniya Kansleri Fələstin ərazisində baş verən proseslərlə bağlı narahatlığını bildirib

Berlin, 14 aprel, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts İsrailin Baş naziri Benyamin Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumatda F.Mertsin Almaniya hökumətinin ABŞ ilə İran arasında diplomatik razılaşma istiqamətində səyləri qətiyyətlə dəstəklədiyini bir daha vurğuladığı qeyd olunub. Kansler hərbi əməliyyatların dayandırılmasından sonra zəruri şərtlər yerinə yetirildiyi təqdirdə, Almaniyanın Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib.

Kansler Baş nazir B.Netanyahunu Livan hökuməti ilə birbaşa sülh danışıqlarına başlamağa təşviq edib. O, Livanın cənubunda hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olduğunu və “Hizbullah”ın silahı yerə qoymasının vacibliyini qeyd edib.

Söhbət zamanı Kansler Fələstin ərazilərindəki baş verən proseslərlə bağlı dərin narahatlığını ifadə edib. Almaniya Kansleri bildirib ki, İordan çayının Qərb sahilinin faktiki olaraq qismən ilhaqına yol verilməməlidir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Chosen
56
1
azertag.az

3Sources