EN

“Sülh körpüsü”ndə görüş: “Seçkidən sonra sülh prosesinin gələcək taleyi daha aydın olacaq”

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın Qəbələ şəhərində “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. 

Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. 

“Cebheinfo.az”a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, koordinator Fərhad Məmmədov bildirib ki, bu, “Sülh körpüsü” çərçivəsində dördüncü görüşdür: 

“Forma baxımından Qazaxdan keçid həyata keçirildi və nümayəndə heyəti avtobusla Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından keçərək Gəncə şəhərinə gəldi. Daha sonra isə dəmir yolu ilə Qəbələyə yola düşdük. Bu marşrut Ermənistan nümayəndələrinə Azərbaycanın həmin bölgələrini yaxından görmək imkanı yaratdı. 

Görüş çərçivəsində ümumilikdə dörd müzakirə sessiyası keçirildi. Onlardan ikisi daha çox politoloji xarakterli idi. Bu sessiyalarda regionda baş verən proseslər və ən əsası isə regiondan kənarda, qonşuluqda baş verən proseslərin Cənubi Qafqaza təsiri müzakirə olundu. Həm Azərbaycan, həm də Ermənistan tərəfinin mövqeləri təqdim edildi və geniş fikir mübadiləsi aparıldı”. 

O qeyd edib ki, digər iki sessiya isə vətəndaş cəmiyyətinin sülh prosesi ilə bağlı mövqeyinə həsr olundu: 

““Sülh körpüsü” təşəbbüsü çərçivəsində fəaliyyət göstərən milli qrupların öz ölkələrində keçirdiyi görüşlərdə səsləndirilən fikirlər qarşı tərəfə çatdırıldı, eyni zamanda gələcək fəaliyyət istiqamətləri müzakirə edildi.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə iki saatdan artıq davam edən görüş də baş tutdu. Ermənistan nümayəndə heyətinin üzvləri demək olar ki, bütün suallarını ünvanlayaraq cavablar aldılar. Görüş səmimi şəraitdə keçdi. 

Qeyd olundu ki, sülh prosesi yeni formalaşıb və onun əsas çərçivələri artıq müəyyən edilib. Bu çərçivədə mümkün olan addımlar həyata keçirilir. Buraya təhlükəsizlik məsələləri, iqtisadi münasibətlər və cəmiyyətlərin sülh gündəliyinə hazırlıq səviyyəsi daxildir. Bütün bu istiqamətlər üzrə müzakirələr aparılıb”. 

Fərhad Məmmədov vurğulayıb ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra sülh prosesinin gələcək taleyi daha aydın olacaq: 

“Belə baxanda, hər iki hökumət sülh gündəliyinə daxil olanda onlar legitimdir. Hazırda yaxın perspektivdə Ermənistanda bu legitimliyin yenidən təsdiqlənib-təsdiqlənməyəcəyi məsələsi var.

 Əgər sülh prosesinə mərhələli yanaşsaq, bu mərhələ iyun ayında demək olar ki, bitir. İyun ayı isə sülh prosesinə ən böyük çağırış olacaq. Bu da Ermənistanda keçiriləcək parlament seçkiləridir. 

Bu seçkilərdən sonra biz tam əminliklə deyə bilərik ki, sülh prosesi necə gedir, dayanır, ya transformasiyaya uğrayır, inkişaf edəcək və yeni çalarlar qazanır”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

“Sülh körpüsü” Fərhad Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
cebheinfo.az

2Sources