EN

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

Roma Papası XIV Leo Afrikaya 11 günlük genişmiqyaslı səfərə başlayıb. 

“BBC” xəbər verir ki, Vatikan rəsmilərinin bildirdiyinə görə, bu səfərin əsas məqsədi qitədə sülh, miqrasiya və dinlərarası dialoq məsələlərini müzakirə etmək, eyni zamanda, “dünyanın diqqətini Afrikaya yönəltmək”dir. Bu, Papa Leonun ötən ilin may ayında papa seçilməsindən sonra ikinci böyük xarici səfəri hesab olunur. 

2024-cü ilin statistikasına əsasən, dünya üzrə katoliklərin beşdə birindən çoxu, yəni təxminən 288 milyon nəfər Afrikada yaşayır. Vatikan qitədə vəftiz olunmuş katoliklərin sayında son illərdə əhəmiyyətli artım qeydə alındığını vurğulayır. 

Papa səfərinə katolik əhalisinin çoxluq təşkil etmədiyi Əlcəzairdən başlayıb. Bu seçimin xüsusi simvolik əhəmiyyət daşıdığı bildirilir. Papanın daha sonra uzun illərdir münaqişənin davam etdiyi Kameruna səfəri olacaq. BMT-nin məlumatına görə, ölkənin ingilisdilli bölgələrində separatçılarla hökumət qüvvələri arasında təxminən on ildir davam edən qarşıdurmalarda azı 6 min nəfər həlak olub, yarım milyondan çox insan isə məcburi köçkünə çevrilib. Didərgin düşmüş sakinlər bu səfərin barışıq prosesinə təkan verəcəyinə ümid edirlər. Səfərin növbəti dayanacağı isə Anqoladır. Burada əsas mövzu vətəndaş müharibəsindən sonra sülh və yenidənqurma prosesləri olacaq. Papa təxminən 200 min dindarın iştirakı ilə böyük dini mərasimə rəhbərlik edəcək. Turun son dayanacağı Ekvatorial Qvineya olacaq. Burada isə gözləntilər əsasən sosial ədalət, insan haqları və gənclərlə dialoq üzərində cəmlənib. Papa Leonun, həmçinin həbsxana və psixiatrik xəstəxanaya baş çəkməsi də planlaşdırılır. 

Vatikan bildirir ki, bu səfər Afrikanın qlobal katolik həyatında rolunun daha da gücləndiyinin göstəricisidir. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources