EN

Azərbaycan məktəblisinin uğur hekayəsi: dünyanın aparıcı universitetinə gedən yol VİDEO

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan məktəblisi, Respublika Fənn Olimpiadasının riyaziyyat üzrə qızıl medalçısı Tunar Məmmədov dünyanın nüfuzlu ali məktəblərindən qəbul dəvətləri alaraq diqqət mərkəzinə düşüb.

Tunar Məmmədov AZƏRTAC-a müsahibəsində təhsil yolu, seçimləri və gələcək planları ilə bağlı fikirlərini bölüşüb.

“Xaricdə təhsil almaq ideyası məndə 3-cü sinifdə yarandı. “YouTube” platformasında izlədiyim Harvard universitet haqqında video məndə böyük maraq oyatdı. Həmin vaxtdan etibarən mən və ailəm qarşıya məqsəd qoyduq ki, dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil alım”, - deyə müsahibimiz bildirib. O, 7-ci sinfə qədər Şəkidə təhsil alıb, daha sonra Bakıya köçüb. Hazırda fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxuyur.

Əldə etdiyi uğurlardan söz açan həmsöhbətimiz deyib: “8-ci sinifdə riyaziyyat fənnindən respublika olimpiadasında qızıl medal qazandım. Sonralar onlayn olimpiadalarda iştirak etdim, müxtəlif startap layihələri üzərində çalışdım. Eyni zamanda, elm və texnologiya mövzularında videolar paylaşdığım “YouTube” kanalı və podkast layihələri ilə məşğulam. Digər tərəfdən, startap sahəsində inkubasiya proqramlarında iştirak etmiş, müxtəlif tədbirlərə qatılmış və bu sahənin ekspertləri ilə görüşmüşəm. Bu təcrübələr mənə əlavə motivasiya verib. Bir sıra startap ideyaları üzərində işləmişəm – bəziləri uğurlu nəticə verib, bəziləri isə uğursuz olsa da, mənim üçün bir təcrübə olub”.

Müsahibimiz vurğulayıb ki, beynəlxalq universitetlərə qəbul prosesi kompleks hazırlıq tələb edir:

“Məktəb qiymətləri ilə yanaşı, SAT və IELTS nəticələrinin yüksək olması vacibdir. Bununla yanaşı, esselərdə öz hekayəni və bacarıqlarını düzgün ifadə etmək mühüm rol oynayır. Bütün bu amillər birlikdə güclü müraciət portfeli formalaşdırır”.

Ali təhsil seçimi ilə bağlı danışan Tunar Məmmədovun sözlərinə görə, ABŞ universitetlərində tələbələr özlərini daha yaxından tanımaq imkanı əldə edirlər: “Əsas məqsədim cəmiyyətə töhfə vermək və şəxsi hədəflərimi reallaşdırmaqdır. Bu baxımdan Kaliforniya Universitetinin Berkeley kampusunda yerləşən Haas Biznes Məktəbində biznesin idarə edilməsi ixtisasını seçmişəm. Universitetin akademik mühiti, professor heyəti, tələbələrə yanaşma və ümumi reytinqi seçimimdə mühüm rol oynadı”.

Gələcək planlarından danışan müsahibimiz bildirib: “Bakalavriat təhsilini başa vurduqdan sonra universitetin təqdim etdiyi imkanlardan maksimum istifadə etmək istəyirəm. Daha sonra dünyanın nüfuzlu ali məktəblərindən birində magistratura təhsili almağı planlaşdırıram. Uzunmüddətli məqsədim isə uğurlu startap qurmaqdır”.

Həmsöhbətimiz xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrini də bölüşüb: “Əsas məsələ yalnız universitetə qəbul olunmaq deyil. Bu proses ərzində faydalı fəaliyyətlərlə məşğul olmaq, layihələrə qoşulmaq və könüllü işlərdə iştirak etmək vacibdir. Xaricdə təhsil üzrə fəaliyyət göstərən qurumlar düzgün strategiyanın qurulmasında dəstək ola bilər. Lakin ən vacibi insanın öz üzərində çalışmasıdır. Bu yola erkən yaşlardan başlamaq və planlı şəkildə irəliləmək uğur şansını artırır”.

Tunar Məmmədov təhsilini davam etdirmək üçün Dövlət Proqramı çərçivəsində dəstək alacağına ümid edir.

Chosen
34
1
azertag.az

2Sources