Saxadakı Mirnı şəhərində donaraq ölən kişi 5 saat yarım sonra “dirildilib”.
İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Saxanın Mirnı şəhərində tibb tarixində nadir rast gəlinən bir hadisə baş verib. Aleksandr adlı şəxs spirtli içki qəbul etdikdən sonra evə qayıdarkən -20°C şaxtada skamyada oturaraq yuxuya gedib.
Yoldan keçənlərin çağırdığı həkimlər hadisə yerinə gəldikdə, hipotermiyadan klinik ölüm diaqnozu qoydular.
Buna baxmayaraq, xəstəxana personalı təslim olmayıb. Həkimlər bədənin kiçik damarlarının zədələnməsinin qarşısını almaq üçün xüsusi “tədricən isitmə” texnikasını tətbiq ediblər.
Dörd saat davam edən isitmə prosesindən sonra monitorlarda ürəyin elektrik aktivliyinin əlaməti olan mədəcik fibrilyasiyası qeydə alınıb.
Defibrilyatorun köməyi ilə ürəyin döyünməsi bərpa edilib və qan dövranı normallaşıb.
Nəticədə, klinik ölüm qeydə alındıqdan 5 saat 34 dəqiqə sonra Aleksandr yenidən həyata qayıdıb.
Növbəti sutka ərzində özünə gələn pasiyent evə buraxılıb.
Xuraman Etibarlı
İnterpress.az