EN

Bəhruz Quliyev: Macarıstanda hakimiyyət dəyişikliyi Avropa siyasətində yeni dinamika yaradacaq – ÖZƏL

"Macarıstanda keçirilən son parlament seçkilərinin nəticələri və Viktor Orbánın məğlubiyyətini etiraf etməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Uzun illər hakimiyyətdə olmuş siyasi liderin seçki nəticələrini qəbul etməsi, ilk növbədə, demokratik siyasi mədəniyyət baxımından mühüm nümunədir və hakimiyyətin legitim ötürülməsi prosesinin vacib elementidir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu gün artıq aydın görünür ki, Tisza Partiyası və onun lideri Péter Magyar cəmiyyətin dəyişiklik gözləntilərini siyasi nəticəyə çevirə bilib. Bu, təkcə hakimiyyət dəyişikliyi deyil, həm də seçicilərin yeni idarəçilik modeli, daha açıq və hesabatlı sistem tələbinin ifadəsidir. Viktor Orbán dövründə formalaşmış siyasi kurs daha çox milli suverenlik, mərkəzləşmiş idarəetmə və ənənəvi dəyərlərin qorunması üzərində qurulmuşdu. Lakin zaman göstərdi ki, cəmiyyətin müəyyən hissəsi artıq daha balanslı, institutlara əsaslanan və Qərb strukturları ilə münasibətlərdə gərginlik yaratmayan siyasətə üstünlük verir. Bu baxımdan, yeni hakimiyyətin Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atacağı gözləniləndir.

Siyasi şərhçinin sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, bu dəyişiklik bütövlükdə Avropa siyasi məkanında da müəyyən təsirlər doğura bilər. Uzun müddət Orta və Şərqi Avropada müşahidə olunan populist və suverenist yanaşmalar müəyyən qədər zəifləyə, daha çox əməkdaşlıq və inteqrasiya yönümlü siyasət ön plana çıxa bilər. Bu isə həm NATO çərçivəsində, həm də transatlantik münasibətlər sistemində yeni dinamika yarada bilər. Eyni zamanda, bu hadisə onu da göstərir ki, demokratik institutlar işlədiyi halda, cəmiyyətlər siyasi kursu sivil və legitim yollarla dəyişmək gücünə malikdir. Bu, region ölkələri üçün də mühüm mesajdır ki, dayanıqlı inkişaf yalnız güclü institutlar, şəffaf idarəçilik və vətəndaş etimadı əsasında mümkündür.

"Hesab edirəm ki, Viktor Orbánın məğlubiyyəti bir siyasi mərhələnin tamamlanmasıdırsa, Péter Magyar üçün bu, böyük məsuliyyət dövrünün başlanğıcıdır. Qarşıdakı mərhələdə əsas məsələ verilən vədlərin real siyasətə çevrilməsi və Macarıstanın həm daxili, həm də xarici siyasətdə balanslı kursunun təmin olunması gözləyir," - deyə, B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources