EN

“Ermənistan Rusiya münasibətlərində gərginlik artır” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanda seçkiöncəsi dövr yaxınlaşdıqca ictimai və siyasi mühit daha da fəallaşır. Eyni zamanda Ermənistanın Rusiya ilə münasibətlərində də müəyyən hərəkətlilik müşahidə olunur”.

Bunu Gununsesi.info -ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Paşinyanın 1 aprel tarixində Moskvaya səfəri, tərəflərin səsləndirdiyi bəyanatlar və parlament sədri Alen Simonyanın açıqlamaları bu gərgin və dəyişkən mənzərəni daha da aydın göstərir. Ümumilikdə Ermənistanın Rusiya qarşısında tam geri çəkilmədiyi, öz mövqeyini qorumağa çalışdığı görünür.

Rusiya tərəfindən, xüsusilə bəzi rəsmi şəxslər tərəfindən sərt açıqlamalar verilir və bu bəyanatlarda Ermənistanla münasibətlər, eləcə də regiondakı vəziyyət müxtəlif kontekstlərdə qeyd olunur. Bu isə tərəflər arasında fikir ayrılıqlarının olduğunu göstərir.

Müşahidələrə görə, Rusiya Ermənistana müəyyən seçimlər arasında qərar verməsi üçün təsir göstərməyə çalışır. Ya Avropa İttifaqına yaxınlaşma, ya da Rusiya ilə mövcud inteqrasiya çərçivəsində qalmaq. Bununla belə, seçkilərə qədər Ermənistanın nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, nə də Avrasiya İqtisadi İttifaqından çıxacağı ehtimal edilmir. Bu addımların seçkidən sonra daha real müzakirə mövzusuna çevrilə biləcəyi bildirilir.

Bunun əsas səbəblərindən biri kimi Ermənistanın enerji sistemi, nəqliyyat xətləri və digər mühüm sahələrdə Rusiyadan asılılığı göstərilir. Bu asılılıq azalmadan belə təşkilatlardan çıxışın ciddi siyasi və iqtisadi risklər yarada biləcəyi qeyd olunur.

Eyni zamanda Rusiya tərəfdarı hesab olunan müxtəlif şəxslərin və qrupların, o cümlədən biznes dairələrinin və dini strukturların seçki prosesinə təsir göstərməyə çalışdığı iddia edilir. Lakin hazırkı qiymətləndirmələrə görə, bu qüvvələrin ictimai dəstəyi əvvəlki kimi güclü deyil.

Sabiq prezident Serj Sarkisyanın seçkilərdə iştirak etməyəcəyini bildirməsi də siyasi mənzərədə diqqət çəkən məqamlardan biridir. O, bu qərarını seçki prosesinin legitimliyi ilə bağlı mövqeyi ilə izah edib.

Ümumilikdə qiymətləndirmələrə görə, müxalif qüvvələrin parçalanması və zəifləməsi fonunda Paşinyan rəhbərliyinin tam üstünlük olmasa da, yenidən hökumətdə qalmaq ehtimalı mövcuddur. Bu nəticə koalisiya variantları ilə də mümkündür”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
icma.az

1Sources