İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində aktrisa Hande Erçelin də adı hallanıb. İş üzrə o, Adli Tıp Kurumunda qan və saç nümunələri təqdim edib.
Musavat.com xəbər verir ki, aparılan analizlərin nəticəsinə əsasən, aktrisanın narkotik testi mənfi çıxıb.
Bununla belə, sidik nümunəsində morfin, kodein və onların metabolitləri, həmçinin dərman tərkibli parasetamol maddəsi aşkarlanıb.
Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən Ədli Tibb Qurumunun 5-ci İxtisas Şöbəsinə rəsmi müraciət ünvanlanıb. Müraciətdə qeyd olunan maddələrin dərman mənşəli olub-olmamasının müəyyənləşdirilməsi tələb edilib. Hazırda qurumun yekun rəyinin gözlənildiyi bildirilir.
Hande Erçel isə prokurorluqda verdiyi ifadəsində ittihamları qəti şəkildə rədd edib. O bildirib ki, yalnız iş görüşmələri üçün bəzi məkanlara gedib, lakin qapalı tədbir və ya iddia edilən partilərdə iştirak etməyib. Aktrisa həyatının heç bir dövründə narkotik və ya psixotrop maddə istifadə etmədiyini vurğulayıb.
O, həmçinin uzun illərdir ictimaiyyət qarşısında olduğunu və nümunəvi həyat tərzi sürməyə çalışdığını qeyd edərək, adının belə bir işdə hallanmasından narahatlıq keçirdiyini ifadə edib.
Könül
Musavat.com