EN

Livanda gərginlik artır: İsrail hücumları nəticəsində yeni itkilər var

İsrail Livanda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirib, yeni itkilər qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında davam edən atəşkəs rejimi fonunda İsrail “Hizbullah”a qarşı hərbi əməliyyatları intensivləşdirib.

Son 24 saat ərzində Suri bölgəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Səidə bölgəsində baş verən hücumlarda 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bint Cbeil bölgəsində Livan Qırmızı Xaç Cəmiyyətinə məxsus təcili yardım maşınına edilən hücum nəticəsində bir tibb işçisi həyatını itirib, digəri isə yaralanıb.

Əl-Bazuriya yaşayış məntəqəsinə endirilən zərbələrdə isə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2 martdan bəri ölənlərin sayı 2055-ə, yaralıların sayı isə 6588-ə çatıb.

Qeyd olunub ki, “Hizbullah” 13 apreldə İsrail ordusunun sərhəd yaxınlığındakı mövqelərinə və İsrail ərazisindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Məlumata görə, İsrailin Livana hava və quru hücumları davam edir.

İsrail və Livanın ABŞ-dəki nümayəndələrinin atəşkəs danışıqları üçün aprelin 14-də Vaşinqtonda görüşəcəyi bildirilib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
16
1
redaktor.az

2Sources