Taksi sürücüləri üçün sığorta haqqının artırılması xəbəri sürücülər arasında narazılıqlar yaradıb. Onlar qazanclarının az olduğunu, qəza törətmədikləri halda məbləğin geri qaytarılmasını istəyirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən sığorta məsələləri üzrə ekspert Şahin İsmayılovun sözlərinə görə, Azərbaycanda taksi xidməti göstərən avtomobillərin icbari sığortası üçün yeni qaydaların tətbiqinə başlanılır, icbari sığortanın hesablanması zamanı 1.5 əmsalı tətbiq ediləcək, bu da öz növbəsində bu tip avtomobillər üçün icbari sığorta haqqını kəskin artıracaq.
Ekspert belə bir qərarın verilməsinin əsaslı olduğunu bildirib: “Bildiyimiz kimi, avtomobillərin icbari sığorta haqqı həmin avtomobilin mühərrik həcminə görə hesablanır. Taksi fəaliyyəti ilə məşğul olan avtomobillər kiçik mühərrik həcminə malik olduqları üçün onların illik icbari sığorta haqqı, bonus-malus sistemi tətbiq edilməklə çox aşağı məbləğ edirdi, bununla yanaşı bu avtomobillər çox böyük risk qrupu təşkil edirdilər. Elə avtomobillər var idi ki, il ərzində iki, üç və daha çox hadisə törədirdilər və sığorta şirkətlərini böyük məbləğ ödəniş faktı qarşısında qoyurdular. Bunu nəzərə alaraq, taksi fəaliyyəti göstərən avtomobillərin icbari sığorta haqqına 1.5 əmsalı tətbiq edilməsi qərarı verildi”.
Ş.İsmayılov qeyd edib ki, sığorta haqqının artırılması taksi xidmətində qiymət artımına səbəb olmayacaq: “Bu ödəniş ildə bir dəfə olur və gündəlik xərclərə elə bir təsiri olmayacaq. Amma istənilən halda sürücülər üçün əlavə maliyyə yüküdür və ola bilsin ki, taksi sürücüləri tərəfindən narazılıqla qarşılansın. Bundan əlavə, hadisə olmadıqda sığorta haqqının geri qaytarılması barədə danışmaq gülüncdür. Sığorta müqaviləsi bir illik bağlanır və müqavilə bitdikdən sonra növbəti il üçün yenilənir. Sürücünün sığorta müqaviləsi üçün ödədiyi məbləğ digər hadisə törətmiş sürücülərin ziyanlarını qarşılayır”.
Sığorta eksperti Vüsal Bədəlov isə deyir ki, bu bütün dünyada tətbiq edilən əmsaldır və Azərbaycanda hələ minimum tətbiqi başlanılıb: “Fərdi şəxslər gün ərzində öz avtomobili ilə 5-20 km yol qət edir. Məsələn, sığorta haqqına isə 50 AZN ödəyirik. Taksi fəaliyyəti ilə məşğul olan elə avtomobillər var ki, fərdi şəxslər onların bir günə qət etdiyi məsafəni bir ay ərzində etmirlər və eyni sığorta haqqını ödəməyə məcbur qalırlar, çünki taksi əmsalı yox idi. Bildiyiniz kimi, taksilər gündə minimum 150 km şəhərdaxili, şəhərxarici avtomobil idarə edirlər. Bu isə nə qədər çox hərəkət o qədər də çox risk deməkdir. Bu riski də sığorta şirkəti öz üzərinə indiyə kimi fərdi şəxslərlə eyni qaydada götürürdü. Hazırda artıq rəsmi taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mərkəzləşmiş bir sistemi var və oradan icbari sığorta bürosuna inteqrasiya olunur. Əgər faktiki olaraq həmin nəqliyyat vasitəsinin sistemdə taksi üçün fərqlənməsi varsa, avtomatik sığorta əmsalı 1,5 olaraq göstərir. Bu o deməkdir ki, biz eyni avtomobilə 50 AZN ödəyiriksə, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi 75 AZN ödəmiş olacaq. Bu da fərdi şəxslərlə nisbətdə daha ədalətli qərardır. Çünki taksilərin eləsi var ki, il ərzində 6-8 dəfə hadisə törədirlər və hər hadisə üzrə maddi zərər ödədikləri məbləğ qarşılığında 5000 manatdır, hər hadisə üzrə, sağlamlığa dəymiş zərərə görə isə 50000 manatdır. Buna görə də hadisə nisbəti ilə hesablayırlar ki, taksi sürücüləri fərdi şəxslərə nisbətən qarşı tərəfin əmlakına və sağlamlığına vurduğu zərər də daha yüksək olduğu üçün sığorta haqqı da daha yüksək əmsal ilə hesablanmalıdır”.
V.Bədəlov vurğulayıb ki, yalnız İslam qaydaları ilə fəaliyyət göstərən ölkələrdə və həmin sığorta şirkətlərində ödədiyi məbləğin müəyyən hissəsinin geri qaytarılması məsələsi təcrübədə var: “Amma standart dünya qanunları ilə idarə olunan və hazırkı vəziyyətdə sığorta şirkətinə ödənilən sığorta haqqının geri qaytarılması mümkün deyil. Çünki ödədiyi 50-75 AZN müqabilində biri hadisə törətməsə də, digəri edir, 5 000 manatadək maddi zərər ödənilir, həmçinin 50 000 manatadək sağlamlığa dəymiş zərər üçün də ödənilir və bu bir hadisə üçün nəzərdə tutulub. İl ərzində neçə dəfə hadisə edilərsə, bu ödəniş mütləq şəkildə ödəniləcək”.
Şəhanə Quliyeva