Əsl insan, alim və həkim ömrü
Bəzən elə ömürlər olur ki, onlar yalnız yaşadıqları dövrü deyil, bütöv bir xalqın yaddaşını işıqlandırır. Akademik Zərifə Əliyevanın həyat yolu da məhz belə mənalı talelərdəndir. Onun adı Azərbaycan tibb elminin inkişafı ilə yanaşı, humanizm, mərhəmət və yüksək mənəviyyat kimi dəyərlərlə də daim birlikdə çəkilir. 15 aprel – bu böyük şəxsiyyətin anım günü – sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, insanlara xidmətlə dolu bir ömrün ehtiramla yad edildiyi gündür.
1923-cü ilin baharında, Şahtaxtı kəndində dünyaya göz açan Zərifə Əliyeva gənc yaşlarından elmə və insanlara faydalı olmağa böyük maraq göstərirdi. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı ali təhsil onun gələcək fəaliyyətinin möhkəm təməlini formalaşdırdı. Tələbəlik illərindən zəhmətkeşliyi, məsuliyyəti və məqsədyönlülüyü ilə seçilən Zərifə xanım qısa zamanda peşəkar həkim və perspektivli alim kimi tanındı. Onun elmi fəaliyyəti Azərbaycan oftalmologiyasının inkişafında yeni bir mərhələnin başlanmasına səbəb oldu. Xüsusilə XX əsrin ortalarında geniş yayılmış Traxoma xəstəliyinə qarşı apardığı mübarizə onun adını xalqın yaddaşına həkk etdi. O, yalnız elmi laboratoriyalarda deyil, həm də ölkənin ucqar bölgələrində çalışaraq xəstəliyin səbəblərini araşdırır, insanlara şəfa verirdi. Bu fəaliyyət sadəcə həkimlik işi deyil, insan talelərinə toxunan böyük bir missiya idi.
Zərifə Əliyevanın elmi maraqları geniş və çoxşaxəli idi. O, Qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə patologiyası kimi sahələrdə mühüm tədqiqatlar aparmışdır. Onun elmi əsərləri və monoqrafiyaları bu gün də oftalmoloqlar üçün dəyərli mənbə hesab olunur. Zərifə xanım yalnız alim deyil, həm də pedaqoq və ziyalı idi. Gənc həkimlərin yetişdirilməsində göstərdiyi səylər, onların həm peşəkar, həm də mənəvi baxımdan inkişafına verdiyi töhfələr onun ən böyük xidmətlərindən biri sayılır. Onun “Yüksək etimad” əsəri həkimlik peşəsinin mənəvi tərəflərini izah edərək bu sənətin nə qədər məsuliyyətli və müqəddəs olduğunu göstərir. 1981-ci ildə nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülməsi onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini sübut edirdi. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi uğurlarının məntiqi nəticəsi oldu.
Zərifə Əliyevanın həyatı yalnız elmi nailiyyətlərlə deyil, həm də yüksək insani keyfiyyətlərlə zəngin idi. O, sadəliyi, səmimiliyi və insanlara olan böyük sevgisi ilə seçilirdi. Onun üçün həkimlik sadəcə bir peşə deyil, insanlara xidmətə əsaslanan bir həyat fəlsəfəsi idi. Bu fəlsəfənin mərkəzində isə insan dayanırdı. Görmə orqanının virus mənşəli zədələnməsinə həsr olunmuş tədqiqatları da elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Bu araşdırmalar nəticəsində bir sıra xəstəliklərin differensial diaqnostikası daha da təkmilləşdirilmiş, müalicə üsullarının effektivliyi artırılmışdır. Həkim-oftalmoloqlar üçün yazdığı “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” kimi dərs vəsaitləri məhz bu sahəyə həsr olunmuşdur.
Elmi araşdırmalarının nəticəsi olaraq Zərifə Əliyeva bir neçə mühüm monoqrafiyanın müəllifi olmuşdur. Onların sırasında “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi əsərlər yer alır. Bundan əlavə, alimin bəzi elmi işləri görmə orqanında yaranan bədxassəli şişlərin diaqnostikası və müalicəsinə həsr olunmuşdur. Daktriologiya sahəsinə aid olan “Göz sulanmasının fiziologiyası” və “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” adlı monoqrafiyaları yalnız oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu əsər bu gün də oftalmoloqlar üçün vacib mənbələrdən biri hesab olunur. Ümumilikdə o, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir ixtiranın və 12 səmərələşdirici təklifin müəllifi və ya həmmüəllifi olmuşdur.
1985-ci ilin 15 aprelində Zərifə Əliyeva dünyasını dəyişsə də, onun elmi irsi və mənəvi dəyərləri bu gün də yaşayır. Onun adı ilə fəaliyyət göstərən tibb müəssisələri, yetişdirdiyi tələbələr və davamçıları bu böyük irsi qoruyur və inkişaf etdirirlər.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən qeyd edirdi ki, o, insanlara böyük sevgi ilə yanaşan, heç kəsi incitməyən və heç vaxt kimisə ümidsiz qoymayan bir insan idi. Onun sözlərinə görə, Zərifə xanım Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə birləşdirən nadir şəxsiyyət idi və ailə həyatında da əvəzsiz rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə anası haqqında xatirələrində vurğulayır ki, Zərifə xanımın həyat fəlsəfəsinin əsasını uşaqlıqdan formalaşan xeyirxahlıq, insanlara sevgi və bağlılıq təşkil edirdi. Onun sözlərinə görə, Zərifə Əliyeva həyatının son anlarına qədər mənəvi gücünü qoruyub saxlamış, həyatın keçici olduğunu anlayaraq yaxşılığın isə əbədi qalacağına inanmışdır. Cənab Prezident həmçinin bildirir ki, o, yalnız böyük alim deyil, eyni zamanda övladlarını yüksək mənəvi dəyərlər ruhunda böyüdən qayğıkeş ana idi və bu xüsusiyyətləri ilə hər zaman nümunə olaraq qalır.
Akademik Zərifə Əliyevanın həyat yolu bir daha göstərir ki, elm və insanpərvərlik bir araya gəldikdə həqiqi böyüklük yaranır. Onun adı və xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.