EN

Dünya Bankı Xəzər dənizi ilə bağlı regional ekoloji layihəni maliyyələşdirir

Dünya Bankı Xəzər dənizi ilə bağlı regional ekoloji layihəni maliyyələşdirilməsini təsdiqləyib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dünya Bankı “Xəzər dənizinin maviləşdirilməsi: Çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması üzrə potensialın gücləndirilməsi” adlı iri regional ekoloji layihə üçün maliyyələşməni aprelin 8-də təsdiqləyib.

Məlumata görə, layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanı bir araya gətirərək Xəzər dənizində çirklənmə ilə mübarizə və biomüxtəlifliyin qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Bildirilib ki, Qlobal Ekoloji Fond (GEF) tərəfindən Dünya Bankı və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) ümumilikdə 11,74 milyon ABŞ dolları həcmində qrant ayrılacaq. Hər iki qurum layihənin icraçı tərəfləri kimi çıxış edəcək.

Eyni zamanda, Dünya Bankı 8,24 milyon ABŞ dolları dəyərində ayrıca layihə üzrə Direktorlar Şurasının təsdiqini almağı planlaşdırır. Bu layihə GEF tərəfdaşı qismində BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) tərəfindən icra olunacaq.

Bundan əlavə, layihənin hazırlanması məqsədilə UNOPS-a 183 min ABŞ dolları həcmində hazırlıq qrantı (PPG) ayrılacaq. Bu vəsait ekoloji və sosial qoruyucu mexanizmlərin hazırlanması, eləcə də iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi üçün istifadə olunacaq.

Qeyd olunub ki, Dünya Bankı layihənin GEF rəhbərliyi tərəfindən təsdiqə təqdim olunmasına cavabdeh olacaq, lakin UNEP tərəfindən icra edilən komponent üzrə maliyyə və nəzarət funksiyalarını həyata keçirməyəcək.

Layihənin icrası nəticəsində iştirakçı ölkələrdə çirklənmənin idarə olunması və biomüxtəlifliyin qorunması sahəsində milli potensialın artırılması, eləcə də Xəzər dənizi üzrə Tehran Konvensiyası və onun protokolları çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə dəstək verilməsi gözlənilir. (Apa)

Chosen
8
5
fed.az

6Sources