EN

Bloomberg: Macarıstan seçicisi Orbanı 16 illik hakimiyyətdən sonra siyasi səhnədən silir...

Peter Macarın mümkün üçdə iki çoxluğu təkcə hakimiyyət dəyişikliyi deyil, həm də Aİ ilə münasibətlərin bərpası, dondurulmuş milyardlarla vəsaitin açılması və ölkədə institusional islahatların başlanması üçün həlledici mərhələ kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi Macarıstanda formalaşan yeni siyasi mənzərəni Viktor Orban üçün ağır məğlubiyyət kimi dəyərləndirib. Nəşrin yazdığına görə, 16 il hakimiyyətdə qalan Orbanın devrilməsi yalnız hökumət dəyişikliyi deyil, həm də ölkənin siyasi kursunda dönüş yarada biləcək hadisə hesab olunur.

Məlumata görə, Peter Macarın rəhbərlik etdiyi hökumət parlamentdə üçdə iki çoxluq əldə edərsə, bu ona Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması üçün vacib qanunları qəbul etməyə imkan verəcək. Söhbət xüsusilə Orban hakimiyyəti dövründə hüququn aliliyi və korrupsiya ilə bağlı problemlərə görə dondurulmuş 20 milyard dollardan çox Aİ vəsaitinin açılmasına şərait yarada biləcək qərarlardan gedir.

Bildirilir ki, maliyyə çatışmazlığı yaşayan Macarıstan büdcəsinin bu resurslara ciddi ehtiyacı var. Bu baxımdan yeni hakimiyyət üçün əsas prioritetlər sırasında korrupsiyaya qarşı qanunvericiliyin gücləndirilməsi, Avropa Prokurorluğu ilə əməkdaşlığın qurulması, həmçinin media azadlığının və akademik mühitin bərpası dayanır.

Peter Macar, eyni zamanda, Macarıstanın yenidən avtoritar idarəetmə modelinə qayıtmasının qarşısını almaq üçün baş nazirlər üçün iki müddət məhdudiyyəti tətbiq etməyə söz verib. Onun sözlərinə görə, belə bir dəyişiklik Viktor Orbanın gələcəkdə yenidən hökumət başçısı postuna iddia etmək imkanını faktiki olaraq aradan qaldıracaq.

Qeyd olunur ki, Orban ardıcıl dörd müddət, ümumilikdə isə beş dəfə baş nazir postunu tutub. Buna görə də Macarın irəli sürdüyü yeni siyasi çərçivə təkcə keçmiş hakim komandanın geri dönüşünü əngəlləmək deyil, həm də Macarıstanda daha balanslı və məhdudlaşdırılmış idarəetmə modelinin qurulmasına yönəlmiş addım kimi qiymətləndirilir.

Beləliklə, Bloombergin təhlilinə əsasən, Macarıstanda baş verən son siyasi dəyişikliklər ölkənin həm daxili idarəetmə sistemində, həm də Avropa strukturları ilə münasibətlərində köklü yenilənməyə yol aça bilər.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources