"Turan Tovuz" bu gün Misli premyer-liqasının 27-ci turunda "Sumqayıt"ı qəbul edəcək.
"Kimyaçılar"ın kubok oyunları da daxil olmaqla son 10 matçda qələbəyə həsrət qaldığını nəzərə alsaq, meydan sahiblərinin qalib gəlmək ehtimalı böyükdü. Onu da bildirək ki, uzun müddətdən sonra evdə, minlərlə tovuzlunun önündə oynayacaq "bozqurd" azarkeşlərinisevindirməyə məcburdu. Daha bir vacib məqam: komanda "Zirə"nin "Sabah"la görüşdə xal itirməsindən yararlanmalı, yəni 3-cü sırada möhkəmlənməlidi.
İş ondadı ki, dünən "Şamaxı"nın qonağı olan "Qarabağ" da heç-heçə etdi. Meydandan qolsuz ayrılan Ağdam təmsilçisi çempionluq hədəfindən bir qədər də uzaq düşdü. Hələ bu harasıdı?! "Köhlən atlar"ı "Neftçi" və "Sabah"ın (biri kubok oyunudu) hərəsinə qarşı iki dəfə olmaqla dörd qarşılaşma gözləyir. Onlar belə çətin sınaqlardan sonra 30-cu turda "Turan Tovuz"la qarşılaşacaq. "Bozqurd" buna qədər "Sumqayıt"ı, "Araz-Naxçıvan"ı və "Zirə"ni məğlub etsə, yuxarıda sadaladığımız oyunlarda xeyli güc, bəlkə də xallar itirəcək "Qarabağ"ın önünə 2-ci yer uğrunda mübarizə üçün çıxa bilər!
"Turan Tovuz" ölkə kubokunda da varlığını davam etdirir. O başqa məsələ ki, tovuzlular kubokda irəliləyə bilməsə, "Sabah"a azarkeşlik etməlidi.
Göründüyü kimi, komandanın ölkəmizi nəinki Konfrans, hətta Avropa Liqasında təmsil etmək imkanı var. Təbii ki, bu fürsəti maksimum dəyərləndirmək lazımdı. Bəs, "bozqurd" hədəfə doğru məhz bu gün "Sumqayıt"ı məğlub etməklə addımlaya biləcək. Yoxsa ehtimal ortaya çıxdığı gündən "dəfn olunacaq?"
KƏNAN BAHADIR