EN

Fəzail İbrahimli: siyasətdə müəllim məsuliyyəti, parlamentdə düşüncə mədəniyyəti

525.az saytına istinadən ain.az xəbər verir.

Müəllimlik yalnız bir peşə deyil, insanın ruhuna yazılan müqəddəs bir missiyadır. Bu yol şərəf qədər məsuliyyət, bilik qədər isə dərin vicdan tələb edir. Müəllim adını daşıyan insan sadəcə dərs keçmir, o, düşüncələrə işıq salır, qəlblərdə iz buraxır, gələcəyin toxumlarını səpir. Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Firidun bəy Köçərli müəllimliyi gələcəyə işıq saçan bir nur kimi dəyərləndirirdi. Fəzail İbrahimli də məhz bu nuru simasında daşıyan insanlardandır. O, yalnız alim deyil, milli düşüncəni qoruyan və cəmiyyətə ötürən ziyalıdır.

Bu yolu seçən hər kəs anlamalıdır ki, o, sadəcə bugünün yox, sabahın insanını yetişdirir. Hər söylənən söz, hər verilən nümunə gələcək bir ömrün istiqamətinə çevrilə bilər. Elə buna görə də müəllimlik bir seçim deyil, daxildən gələn çağırışdır. Bu, insanın öz taleyini özü ilə razılaşdırmasıdır.

Əsl müəllim olmaq kitabdan öyrənilən bir bacarıq deyil. Bu, insanın daxilində formalaşan məsuliyyət hissidir. Müəllim bilik ötürməklə kifayətlənmir, o, insan yetişdirir, düşüncə formalaşdırır və zamanın sınağından keçəcək dəyərlər aşılayır.

Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində dünyaya gəlib. 1969-cu ildə ali təhsil yoluna qədəm qoyaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alıb və 1973-cü ildə bu təhsili fərqlənmə ilə başa vurub.

Əmək fəaliyyətinə doğma rayonunda tarix müəllimi kimi başlayan İbrahimli üçün bu mərhələ sadəcə ilk iş yeri deyildi. Bu, onun həyat fəlsəfəsinin, düşüncə tərzinin və müəllimlik məsuliyyətinin formalaşdığı bir dövr idi. Daha sonra hərbi xidmətini başa vuraraq elmi fəaliyyətə yönəldi və 1979-cu ildən Bakı Dövlət Universitetində aspirantura təhsili aldı. Bu mərhələ onun elmi düşüncəsinin sistemli şəkildə inkişaf etdiyi dövr oldu.

1980-ci illərdən etibarən onun elmi pedaqoji fəaliyyəti daha geniş miqyas aldı. Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent kimi çalışan Fəzail İbrahimli sonralar professor vəzifəsinə yüksəldi. 1986-cı ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə yüksək elmi dərəcələr aldı. Onun elmi fəaliyyəti Azərbaycan dövlətçilik tarixi, ictimai siyasi proseslər və milli ideya problemləri istiqamətində aparılan tədqiqatlarla zəngindir. Bu sahədə yazdığı kitablar, dərsliklər və çoxsaylı elmi məqalələr onun düşüncə sisteminin genişliyini göstərir.

Onun həyatında elm və siyasət bir birini inkar etməyib, əksinə, bir birini tamamlayıb. 1992-ci ildən etibarən siyasi fəaliyyətə qoşularaq Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri kimi çıxış edib. Bu fəaliyyət onun cəmiyyət qarşısında məsuliyyət hissinin yeni bir mərhələyə keçidi idi. 2000-ci ildən başlayaraq Milli Məclisdə deputat kimi təmsil olunması isə bu məsuliyyətin daha geniş miqyasda ifadəsinə çevrildi.

Parlament fəaliyyətində o, daha çox tarixi yaddaşa və dövlətçilik ənənələrinə söykənən mövqeyi ilə seçilir. 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərməsi onun beynəlxalq müstəvidə də ölkəni təmsil etməsinə imkan verdi. 2020-ci ildən 2024-cü ilə qədər Milli Məclisin sədr müavini kimi çalışdı və eyni zamanda İctimai birliklər və dini qurumlar komitəsinə rəhbərlik etdi. 2024-cü ildə yenidən deputat seçilməsi isə onun fəaliyyətinə göstərilən ictimai etimadın davamı kimi qiymətləndirilə bilər.

Cəmiyyətin sağlam inkişafı üçün siyasətdə təsadüfi insanların deyil, düşünən və məsuliyyət daşıyan şəxslərin yer alması vacibdir. Fəzail İbrahimli məhz bu qəbildən olan simalardandır. O, ictimaiyyətə yalnız deputat kimi deyil, professor, tarixçi alim və müəllim kimi tanınır. Onun fəaliyyəti göstərir ki, müəllim yanaşması siyasətdə də öz əhəmiyyətini itirmir.

Onun üçün deputat mandatı sadəcə tribuna deyil, məsuliyyət yüküdür. O, siyasətdə emosional çıxışlara deyil, düşünülmüş mövqeyə üstünlük verir. Uzun illər müəllim kimi fəaliyyət göstərmiş bir insan üçün sözün çəkisi xüsusi əhəmiyyət daşıyır. Bu xüsusiyyət onun parlament fəaliyyətində də aydın şəkildə hiss olunur.

Onun düşüncə tərzində tarixçi baxışı xüsusi yer tutur. O, hadisələri yalnız bu günün prizmasından deyil, zamanın axarı içində dəyərləndirir. Bu yanaşma onun mövqelərinə sabitlik və əsaslılıq qazandırır.

Siyasətdə müəllim olmaq asan deyil. Çünki müəllim hər zaman qısa müddətli nəticədən daha çox uzunmüddətli təsir haqqında düşünür. Fəzail İbrahimlinin fəaliyyəti göstərir ki, bu yanaşma həm mümkündür, həm də zəruridir.

Bu mənada o, yalnız siyasətçi deyil, ictimai düşüncəni formalaşdıran bir müəllim obrazıdır. Onun fəaliyyəti sübut edir ki, siyasət səs yüksəltmək deyil, məsuliyyət daşımaq sənətidir.

Və bəzən bir müəllimin sakit, əsaslandırılmış səsi cəmiyyət üçün ən güclü təsirə çevrilir.

Samir Əsədli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
525.az

1Sources