EN

Hindistan geri çəkilir: Dehli Bakı və Ankaranı yenidən kəşf edir

Praqmatizmə dönüş: Hindistan Türkiyə və Azərbaycanla münasibətləri niyə yenidən qurur?

Hazırda ABŞ-İran qarşıdurması gündəmdədir. Donald Trampın Çini İrana silah ötürməkdə ittiham etməsi müzakirə olunur. Dünyanın ən böyük ölkələrindən olan Hindistanın isə öz qayğıları var. 2025-ci ildə Hindistanın xarici siyasətində baş verən kəskin dönüşlər, xüsusilə Pakistanla qarşıdurma fonunda Türkiyə və Azərbaycanla münasibətlərin soyuması, emosional reaksiyaların diplomatik qərarlara necə təsir etdiyini açıq şəkildə göstərdi. Həmin dövrdə Yeni Dehli yalnız Pakistanı deyil, onunla yaxın münasibətdə olan ölkələri də açıq şəkildə tənqid edir, diplomatik kanalları məhdudlaşdırır və ictimai səviyyədə boykot çağırışlarına dolayısı ilə imkan yaradırdı. Lakin qısa müddət ərzində bu siyasətin nəticələri göstərdi ki, sərt və emosional yanaşma uzunmüddətli strateji maraqlara cavab vermir. Bu gün Hindistanın Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməyə yönəlmiş addımları daha geniş bir siyasət dəyişikliyinin göstəricisi kimi çıxış edir.

ddddddddd.png

"The Hindu" Hindistanın ən nüfuzlu və ənənəvi qəzetlərindən biridir və onu konkret bir siyasi partiyanın orqanı kimi yox, daha çox institusional, liberal və “establishment”a yaxın intellektual dairələrin səsi kimi qiymətləndirmək olar. Mərkəzçi–liberal siyasi xətt təmsil edən bu media orqanı daha çox Hindistanın diplomatik elitasının düşüncə tərzini əks etdirir

Məhz belə bir qəzetində dərc olunan redaksiya yazısı yuxarıda vuröuladığımız dönüşü açıq şəkildə qeyd edir: “New Delhi’s recent moves to re-engage diplomatically… is a considerable shift in the government’s policy”. (Yeni Dehlinin diplomatik əlaqələri yenidən qurmaq istiqamətində son addımları hökumətin siyasətində əhəmiyyətli dəyişiklikdir.)

Bu fikir onu göstərir ki, söhbət təkcə taktiki addımdan deyil, bütövlükdə yanaşmanın dəyişməsindən gedir. Əgər əvvəlki mərhələdə Türkiyə və Azərbaycan “countries that were seen as supportive of Pakistan” (Pakistanı dəstəkləyən ölkələr kimi qəbul edilən dövlətlər) kimi qəbul edilirdisə, indi bu yanaşma tədricən yerini daha balanslı və hesablanmış mövqeyə verir. Bu dəyişimin mərkəzində isə əsas prinsip dayanır: “India must approach foreign relations with more pragmatism, less emotion”. (Hindistan xarici siyasətə daha çox praqmatizm, daha az emosiyalarla yanaşmalıdır.)

Məqalədə xüsusi vurğulanan məqamlardan biri də son illərdə müşahidə olunan ictimai və siyasi reaksiyaların diplomatik münasibətlərə mənfi təsiridir. “Online outrage and calls for boycotts… had a detrimental impact” (Onlayn qəzəb dalğası və boykot çağırışları münasibətlərə mənfi təsir göstərib) ifadəsi göstərir ki, emosional dalğalar yalnız ictimai müstəvidə qalmır, dövlətlərarası əlaqələrə də zərər verir. Bu kontekstdə Hindistanın yeni mərhələdə daha ehtiyatlı davranmaq niyyəti “it is necessary for New Delhi to pick its diplomatic battles more carefully” (Yeni Dehli diplomatik mübarizələrini daha diqqətlə seçməlidir) fikri ilə əsaslandırılır. Yəni, qarşıdurmalar selektiv olmalı, resurslar və prioritetlər daha dəqiq müəyyən edilməlidir.

image_1775986561637.jpg

Türkiyə ilə münasibətlərin normallaşması bu siyasət dəyişikliyinin mühüm komponentlərindən biridir. Ankara uzun müddət Hindistan üçün problemli tərəfdaş kimi qəbul edilirdi. Bunun əsas səbəbləri Türkiyənin Pakistanla yaxın əlaqələri və Kəşmir məsələsində Hindistanın mövqeyinə qarşı çıxması idi. Lakin son diplomatik təmaslar göstərir ki, Yeni Dehli bu münasibətləri tam qarşıdurma müstəvisində saxlamağın səmərəsiz olduğunu anlayır. Türkiyə regionda mühüm siyasi və iqtisadi aktor olaraq qalır və onunla dialoqun bərpası Hindistanın daha geniş regional strategiyasına uyğun gəlir.

Azərbaycanla bağlı yanaşmanın dəyişməsi isə daha çox geosiyasi və iqtisadi faktorlarla bağlıdır. Əvvəllər Bakı əsasən Pakistanla yaxınlığı kontekstində qiymətləndirilirdisə, indi onun regional roluna daha geniş prizma ilə baxılır. Azərbaycan Cənubi Qafqazda mühüm logistika qovşağıdır və Orta Dəhlizin əsas iştirakçılarından biridir. Bu marşrut Asiya ilə Avropa arasında alternativ ticarət yolları axtaran Hindistan üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda enerji sahəsində əməkdaşlıq perspektivləri də Yeni Dehlinin Bakı ilə münasibətlərə daha praqmatik yanaşmasını stimullaşdırır.

Bu dəyişiklik Hindistanın ümumi xarici siyasət fəlsəfəsində baş verən transformasiyanı əks etdirir. Ölkə artıq eyni vaxtda bir neçə istiqamətdə qarşıdurma aparmağın həm siyasi, həm də iqtisadi baxımdan səmərəsiz olduğunu qəbul edir. Türkiyə-Azərbaycan-Pakistan xətti ilə açıq qarşıdurma yaratmaq əvəzinə, bu aktorlarla işləmək və münasibətləri idarə etmək daha məqsədəuyğun hesab olunur. Bu isə Hindistanın ənənəvi olaraq qorumağa çalışdığı balans siyasətinə qayıdış kimi də qiymətləndirilə bilər.

Nəticə etibarilə, Hindistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar zəiflik deyil, adaptasiya nümunəsidir. Bu, dəyişən beynəlxalq mühitdə daha çevik və rasional davranış modelinə keçidin göstəricisidir. Yeni Dehli artıq regiona ideoloji qarşıdurma prizmasından deyil, real əməkdaşlıq imkanları çərçivəsində yanaşmağa başlayır. Bu isə həm Türkiyə, həm də Azərbaycan üçün yeni diplomatik və iqtisadi imkanlar yaradır, eyni zamanda regionda daha mürəkkəb, lakin daha sabit balansın formalaşmasına şərait yaradır.

DAHA ƏTRAFLI: https://www.thehindu.com/opinion/editorial/rebuilding-ties-the-hindu-editorial-on-india-engaging-with-turkiye-and-azerbaijan/article70847837.ece?fbclid=IwZnRzaARIQgBleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZAo2NjI4NTY4Mzc5AAEeYdvVKYNijEV-mFuEqXaA8ABPDEp567epC9vIiIZ2RxIXDVTNkk7_4oc6Dfk_aem_zYeGwuuc-38NmXvQ_JX2tQ

Elbəyi Həsənli
Sürix

Chosen
7
3
musavat.com

10Sources