Şahbuz rayonunda Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Quru Qoşunlarının müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş Səbuhi Gündüz oğlu Tağıyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Qeyd edək ki, şəhid Səbuhi Tağıyev 2023-cü il 11 aprel tarixində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan intensiv atəşə tutması zamanı törədilən təxribat nəticəsində şəhid olub.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şəhidin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Çıxış edən dövlət nümayəndələri bildiriblər ki, sərhədlərimizin müdafiəsində göstərilən qəhrəmanlıq Azərbaycan Ordusunun gücünü və şəxsi heyətin yüksək döyüş hazırlığını nümayiş etdirir. Qeyd olunub ki, Səbuhi Tağıyev kimi igidlərin fədakarlığı dövlətimizin hərbi tarixində şərəfli yer tutur.
Şəhidin döyüş yolundan bəhs edilərək onun son ana qədər xidməti vəzifəsini layiqincə yerinə yetirdiyi və Vətən torpaqlarının müdafiəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucaldığı vurğulanıb.
Şəhidin ailə üzvləri çıxış edərək göstərilən yüksək ehtirama görə minnətdarlıqlarını ifadə edib, Səbuhi Tağıyevin Vətənə bağlılığından və xidmət yolundan danışıblar.
Zabitlər və qazilər də çıxışlarında 2023-cü ilin aprel gərginlikləri və sərhəd istiqamətində baş verən döyüşlər zamanı göstərilən qəhrəmanlıq nümunələrindən bəhs ediblər.
Sonda xatirə fotosu çəkdirilib.
Bəxtiyar ƏLİYEV
.1775981454.jpg)






