EN

Ermənistan XİN-dən Qəbələ "Sülh Körpüsü"nə ZƏRBƏ – Marağa cəfəngiyatı, daha NƏLƏR...

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib. Qonşu ölkə daha 15 vaqon (887 ton) dizel yanacağı alacaq. İndiyədək ölkəmizdən qonşu üçün 6312 ton dizel (sonuncu tədarük də daxil olmaqla), 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini göndərilib. Azərbaycan vasitəsilə Ermənistana vaxtaşırı taxıl və digər məhsulların çatdırılması da öz yerində.

Qəbələdə şəhərində isə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə iki günlük dialoq başlayıb. Xəbər verildiyi kimi, artıq Prezidentin köməkçisi Hikmət Hacıyev də qonaqlarla görüşüb...

Ancaq bu qəbil pozitiv gəlişmələr və müsbət dinamika fonunda Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) görün nə ilə məşğuldur. Bu qurum tənbəllik-zad etmədən guya Ağdərənin keçmiş Marağa kəndində 10 aprel 1992-ci ildə “törədilmiş” mifik “qırğın"la bağlı bəyanat yayıb. Guya “Marağadakı vəhşiliklər Sumqayıt, Kirovabad (?! – red.) və Bakıdakı qırğınlar zamanı əvvəllər müşahidə edilən sistematik zorakılığın və etnik təmizləmənin davamı olub”. Və başqa bu kimi cəfəng iddialar və sayıqlamalar.

Yaxşı deyiblər, “adımı sənə qoyum, səni də yana-yana”.

Dərhal qeyd edək, Qəbələ dialoqlu və Bakıdan və İrəvana növbəti partiya neft məhsulunun yola salınması fonunda bu sərsəm bəyanatı verən hansısa erməni radikal-revenşist yox, xarici işlər naziri Ararat Mirzəyanın idarəsidir. Baş nazir Nikol Paşinyanın xarici siyasətinə, o sırada Bakı və Ankara ilə barışıq prosesinə cavabdeh olan əsas qurum...

Xatırladaq ki, həmin kənddəki ermənilər İrandan köçürülmələrinin 150 illiyi münasibətilə abidə qoymuşdular. Lakin separatçı hərəkat başlayanda uçurdular. Aydındır ki, nəyə görə. Ancaq foto-faktlar ki, qalır.

Belə olan halda, Ermənistan XİN hansı haqla “etnik təmizləmədən, zorakılıqdan” dəm vurur, üstəlik, özü SSRİ dağılar-dağılmaz, soydaşlarımızı vəhşicəsinə öz yerlərindən qovmaqla monoetnik dövlətə çevrilibsə, azərbaycanlıların öz dədə-baba yurduna qayıtmaq hüququnu tanımaq istəmirsə. Biz hələ Qarabağda, Xocalıda, Meşəlidə, Ballıda, neçə-neçə digər yaşayış məntəqəmizdə törədilmiş soyqırımı aktlarını, etnik təmizləmələri, ekosid və urbisidləri demirik. Erməni tərəfi bunca bəşəri cinayətlərə görə indiyədək heç üzr belə istəməyib...

Hər şey qırağa, bəllidir ki, ötən ilin avqustunda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatda Bakı və İrəvan qarşılıqlı etimad tədbirlərinin möhkəmlənməsi yönündə öhdəlik götürüb. Hanı bəs? Ermənistan XİN konkret halda kimin, hansı dövlətin “dəyirmanına” su tökür?

Sual əlbəttə ki, ritorikdir. İki xalq arasında barışıq istəməyən, hətta bundan xoflanan, bu prosesə qarşı “sualtı daşlar” düzən qüvvələrin. Onlar çoxdan məlum. Başında da şimal qonşu Rusiya gəlir...

Dünən isə Paşinyan radikal müxalifəti nəzərdə tutaraq bəyan edib ki, ölkədə “real Ermənistan”ın 29.743 kv km-lik ərazisi ilə kifayatlənməyin tərəfdarı olmayanlar, yəni onu genişləndirməyi xəyal edənlər ölkəni faktiki surətdə növbəti müharibəyə sürükləyir. Məgər XİN-in yuxarıdakı bəyanatı həmin pozucu qüvvələrin, revanşistlərin “çörəyinə yağ sürtmək, onlara ideoloji dəstək deyil?

“O nə pəhriz, bu nə turşu”. Bu, sağ əllə barışıq jesti edib sol əllə arxada soyuq silah gizlətmək kimi də anlaşıla bilər. Odur ki, rəsmi İrəvan nə istədiyini, lap dəqiqi, seçimini son dəfə dəqiqləşdirməlidir. Gizli-açıq müharibə tərəfdarlarının Paşinyan komandasında nə işi?..

Siyasət şöbəsi,
Musavat.com

Chosen
35
musavat.com

1Sources